Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin müsəlman, xristian və yəhudi din xadimləri birgə bəyanat yayıblar

14 oktyabr 2020 | 16:00

 

Qafqaz Müsəlmanlar İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin baş keşişi və Gəncə Yəhudi Dini İcmasının sədr müavini Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncəyə hərbi təcavüzü ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir: 

“Biz, Qafqaz Müsəlmanlar İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi Varfolomey Denis Sotnikov, Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov Ermənistan Silahlı Qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutmasını kəskin şəkildə pisləyən  bəyanat yayırıq.

Məlum olduğu kimi, Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq davamlı şəkildə raket atəşinə tutulur. Bunun nəticəsində indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb, 10 yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə ciddi ziyan dəyib. Ermənistanın Gəncəyə qarşı hərbi təcavüzü nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələr, mədəniyyət obyektləri, habelə təhsil müəssisələri ilə yanaşı, buradakı dini məbədlərə də ciddi ziyan dəyib. Belə ki, 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi də zərər görüb.

Çoxmillətli və tolerant ölkə olan Azərbaycan burada yaşayan bütün millət və xalqların ümumi vətənidir. Öz taleyini, öz həyatını bu torpağa bağlayan, əsrlərdən bəri bu torpaqda yaşayan, müxtəlif millətlərdən olub, fərqli dinlərə etiqad edən insanlar – bütünlükdə hamısı azərbaycanlıdır. Qeyd etmək lazımdır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi dəfələrlə ölkəmizdə yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə, onlar arasında olan birlik və bərabərliyi pozmağa çalışsa da buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri hərbi cinayətlər, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bu torpaq uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimiz aramızda olan birlik, qardaşlıq tellərini daha da möhkəmləndirir.

Biz, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini, ağır kütləvi qırğın silahlarının dinc mülki əhaliyə qarşı istifadəsini qətiyyətlə pisləyir, beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq”.

 

 

 

Keçidlər