Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib

10 oktyabr 2021 | 16:00

 

“Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə növbəti ümumşəhər tədbiri təşkil olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Gəncənin Cavadxan küçəsi boyunca “El şənliyi” formatında təşkil edilən ümumşəhər tədbiri Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiya ilə açılıb. Daha sonra “Ozan” qədim milli musiqi alətləri ansamblının, “Xəmsə” ritm qrupunun, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, “Gəncə qönçələri”  və digər musiqi kollektivlərinin çıxışları izlənilib.

Ümumşəhər tədbirində Gəncə Uşaq Rəssamlıq və Uşaq İncəsənət məktəbləri, habelə Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işləri sərgilənib.

“Gəncə sənətkarları” bölməsində keramika üzərində rəsm, səbət toxuma, ağac üzərində oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri nümayiş etdirilib, Gəncə Dövlət Kukla Teatrı kollektivinin təqdimatında Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər”  nağılı oynanılıb. Bununla yanaşı Gəncə idmançılarının şahmat, ağırlıq qaldırma, güləş və digər növlərdə çıxışları izlənilib.

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin, Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivləri də iştirak ediblər. Tədbir Gəncə Dövlət Filarmoniyasının önündə təşkil olunan konsert proqramı ilə davam edib.

Tədbir çərçivəsində Gəncə Urban Mərkəzində «GƏNCƏSƏNƏT» və «GəncəKitab» sərgi-satış yarmarkası da təşkil edilib. Sərgi-satış yarmarkasında müxtəlif növ sənətkarlıq və incəsənət nümunələri, habelə xeyli sayda yerli və dünya ədəbiyyatı inciləri satışa çıxarılıb.

Sonda Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə baş tutan «GƏNCƏSƏNƏT» incəsənət, sənətkarlıq və yaradıcılıq satış-sərgi yarmarkasının keçirilməsində verdikləri əvəzsiz dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı,  KOBİA və Göygöl Milli Parkına layihə rəhbərləri tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

Keçidlər