Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərə müraciəti.

31 dekabr 2021 | 16:00

Əziz gəncəlilər,

Qarşıdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2022-ci il gəlir.

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbədən sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü fərqli ab-havada qeyd olunur. Xalqımız indi bu günü daha yüksək əhval-ruhiyyə ilə qarşılayır. Özündə xalqımızın milli həmrəylik anlayışını daşıdığı bu əlamətdar gün həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük qürurla və təntənə ilə qeyd edilir. Qeyd etmək yerinə düşər ki, həmvətənlərimiz arasında milli həmrəyliyin, təəssübkeşliyin möhkəmlənməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin xalqın təkidi və xahişi ilə ölkə rəhbərliyinə gəlişi, Azərbaycanda davamlı sabitliyin və iqtisadi tərəqqinin əsasını qoymaqla yanaşı, milli birliyin təzahürü oldu.

Azərbaycan xalqı istər Vətən müharibəsində, istərsə də COVID-19 pandemiyası ilə mübarizədə möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında sıx birləşərək, bütün dünyaya milli həmrəyliyimizi nümayiş etdirdi. Dövlət başçımızın "Biz birlikdə güclüyük!" şüarından ilhamlanan gəncəlilər də bir amal uğrunda ölkə rəhbərliyinin ətrafında sıx birləşdilər.

Gəncə şəhəri üçün uğurlu olan daha bir ili geridə qalır. Ötən ildə Gəncə şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bir sıra əhəmiyyətli hadisələr baş vermişdir. Ölkə rəhbərliyinin Nizami yurduna göstərdiyi diqqət və qayğı sayəsində bir sıra iqtisadi göstəricilər artmış, həyata keçirilən abadlıq-quruculuq işləri və infrastruktur layihələri bu il də davam etdirilmişdir. Görülən bütün işlər Gəncə sakinlərinin sosial rifahının yaxşılaşdırılmasına və rahatlığının təmin edilməsinə hesablanıb.

Ötən ili gəncəlilər üçün əlamətdar edən əsas hadisələrdən biri də möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ili Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilməsi oldu. Bu Sərəncam şəhər ziyalıları və ictimaiyyəti tərəfindən xüsusi rəğbətlə qarşılandı. Dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə şəhərimiz bir sıra yerli və beynəxalq tədbirlərə ev sahibliyi etdi. Bu tədbirlərdə şəhərimizin sakinlərinin, xüsusilə aktiv gənclərinin yaxından iştirak etməsi olduqca təqdirəlayiq idi.

Qarşıdan gələn 2022-ci ilin xalqımız və dövlətimiz üçün daha da düşərli olacağına inanır, Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Respublikanın bütün bölgələri ilə bərabər Gəncə şəhərinin də günü-gündən inkişaf edəcəyinə əminliyimi ifadə edirəm.

Hörmətli sakinlər, bu yolda Sizin dəstəyiniz və birliyiniz olduqca önəmlidir.

Bir daha hər birinizi  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və yaxınlarınıza xoş günlər, cansağlığı, uğurlar arzulayıram.

Hörmətlə,

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov

Keçidlər