Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidi Quliyev Eltac Azər oğlunun atası Azər Quliyevlə görüşüb.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər. O cümlədən Gəncə Şəhər İcra Hakimiyyətinin kollektivi də müharibə iştirakçıları və əlilləri, habelə şəhid ailələri daim diqqətdə saxlayır.
Görüş zamanı Azər Quliyevin müraciəti dinlənilib və qanunvericiliyə uyğun həlli üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən müvafiq tapşırıq verilib.
Görüşün sonunda şəhid atası onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri adından təşəkkürünü bildirib.