Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə əvvəlki illərdə olduğu kimi cari ilin 6 ayını da uğurla yola saldı

18 iyul 2014 | 15:00

Prezident cənab İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü və ardıcıl siyasəti nəticəsində, həmçinin Gəncəyə olan qayğısı və köməyi sayəsində son illər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində müşahidə olunan inkişaf dinamikası cari ilin birinci yarısında da qorunub saxlanılmış və bir sıra yüksək göstəricilər əldə olunmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən 6 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağında bütün bunlar barədə ətraflı söhbət getmiş, görülən işlər nəzərdən keçirilərək, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.Yarım illik hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev demişdir ki, 2014-cü ilin birinci yarısında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 313,2 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur. 6 ayda iqtisadi göstəricilər 2,1 faiz yüksəlmiş, makroiqtisadi sabitliyin davam etməsi nəticəsində inflyasiya 1,6 faiz təşkil etmişdir. Yerli biznes mühitinin inkişafı üçün şəhərdə yaradılmış əlverişli şərait özəl subyektlərin say tərkibinin davamlı artımını təmin etmişdir. Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksi şəhər iqtisadiyyatının digər sahələri kimi davamlı inkişaf etmişdir. Nəticədə 2014-cü ilin birinci yarısında Gəncənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala əvvəlki ildən 5,6 faiz çox vəsait yönəldilmişdir.
Məruzəçi diqqətə çatdırmışdır ki, əvvəlki aylarda olduğu kimi cari ilin 6 ayında da şəhərdə aparılan abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Gənclərin və gəncəlilərin sevimli məkanına çevrilmiş ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksdə 4 min kvadratmetr ərazidə əyləncə mərkəzinin və qış parkının tikintisi davam etdirilmişdir. Ölkə başçısının xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilmiş, Gəncə Olimpiya Parkının tikintisi davam etdirilmişdir. Orta əsr Azərbaycan memarlığının qiymətli incisi olan, tikintisi XIV əsrin əvvəllərinə təsadüf edən “İmamzadə” dini memarlıq kompleksinin təmiri, bərpası sürətləndirilmiş, ətrafında abadlaşdırma işləri aparılmışdır. Atatürk prospektində inşa edilən 50 mənzilli yaşayış binasının istifadəyə verilməsinə az qalır. Yeni inşa edilən şəhər təhsil idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, Mərkəzi Bankın Gəncə filialı, eləcə də Kəpəz rayon polis idarəsi üçün inşa edilən inzibati binalarda tikinti işləri yekunlaşdırılmışdır. Bundan başqa şəhər ərazisində yerləşən park və xiyabanların əsaslı şəkildə yenidən qurulması, həmçinin yaşıllıqların salınması davam etdirilmişdir.
Hesabat məruzəsindən sonra çıxışlar olmuşdur. Yekdil fikir isə budur ki, altı ayın sosial-iqtisadi yekunları bunu söyləməyə əsas verir ki, Gəncədə bütün sahələrdə uğurlu inkişafa nail olunmuşdur.

Keçidlər