Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə üçüncü dəfə Beynəlxalq Şərab Festivalına ev sahibliyi edir

30 sentyabr 2014 | 15:00

Gəncə üçüncü dəfə Beynəlxalq Şərab Festivalına ev sahibliyi edir. Əvvəlki festivallarda olduğu kimi builki Beynəlxalq tədbirə də dünyanın müxtəlif ölkələrindən çoxlu sayda nümayəndə gəlmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadi İnkişaf və Sənaye, həmçinin Kənd Təsərrüfatı, Xarici İşlər nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən festival iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanına gələrək görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar. Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin qida məhsulları və ekspertiza kafedrası ilə yaxından tanış olan qonaqlar burada müəllim və tələbələrlə görüşərək söhbətlər etmişlər. Sonra respublikamızın 10-dan artıq müəssisəsinin şərab nümunələrinin dekustasiyası keçirilmişdir. Dekustasiyadan sonra qonaqlarla birlikdə “dəyirmi masa” keçirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2013-cü ilin iyun ayında Azərbaycan Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının üzvü seçilməsini ölkəmizin bu sahədə qazandığı uğurlu göstəricilərin nəticəsi kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, Fransanın, Almaniyanın, İtaliyanın, Rusiyanın, Moldovanın, Gürcüstanın və digər xarici ölkə nümayəndələrinin iştirak etdiyi festivalın keçirilməsində əsas məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli şərab məhsullarının xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq və ən nəhayət şərab ənənələrini qoruyub saxlamaqdan ibarətdir.
Sonra Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye yüksək qonaqpərvərlik üçün Azərbaycan xalqına, eləcə də gəncəlilərə təşəkkür etmiş, üçüncü dəfə belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırmışdır.
Qonaqlar universitetin tədris korpusunun qarşısında xatirə şəkli çəkdirdikdən sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, kompleksin qarşısında yerləşən Nizami muzeyində olmuş, şairin dövrünü əks etdirən eksponatlara baxmışlar.
Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzey-Abidə Kompleksinə gələn qonaqlara məlumat verilmişdir ki, qala divarları 4 muzey salonundan ibarətdir və burada Gəncənin tarixi ilə bağlı çoxlu sayda eksponat nümayiş etdirilir.
Sonra Gəncə ilə tanışlıq davam etdirilmişdir. Gəzinti zamanı qonaqlar şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə tanış olmuşlar.
Şəhərimizdə  keçirilən III Beynəlxalq Şərab Festivalı çərçivəsində bu gün axşam Heydər Əliyev Mərkəzində Yuxarı Alzas Müluz Universiteti ilə Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiya universitetləri arasında şərab texnologiyaları, eləcə də üzümçülük və şərabçılıq sahələrində əməkdaşlıq sazişləri imzalanacaqdır.

Keçidlər