Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Cavad Xan qəsəbəsində məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşüb

15 dekabr 2014 | 16:00

Gəncə sürətlə inkişaf edir. Yeni yaradılan 5 qəsəbədə də böyük quruculuq işlərinə başlanılmışdır. Yollar salınır, infrastruktur layihələri uğurla həyata keçirilir. İllərlə yığılıb qalan problemlərin aradan qaldırılması üçün sakinlərlə görüşlər keçirilir, mövcud çatışmazlıqların həlli istiqamətində işlər görülür.
Yerlərdə keçirilən səyyar qəbullar şəhər rəhbərliyi ilə sakinlər arasında yaradılan ünsiyyətin ən mükəmməl forması kimi vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir. Çünki bu zaman bütün inzibati baryerlər aradan qalxır, insanların gözü qarşısında müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilir, qanuna müvafiq müraciətlər yerindəcə həllini tapır. Bu ilin on ayı ərzində yerlərdə 33 səyyar qəbul keçirilmişdir ki, həmin qəbullarda da 11 min 300 nəfər iştirak etmişdir.
Yeni yaradılan qəsəbələrdə infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldığı üçün icra başçısı Elmar Vəliyev Cavad xan qəsəbəsində sakinləri daha yaxından dinləmək üçün səyyar qəbul keçirdi.  Yüzlərlə sakinin toplaşdığı qəbulda icra başçısı həyata keçirilən layihələr çərçivəsində qəsəbədə görüləcək işlər barədə geniş məlumat verdi. Qeyd etdi ki, yalnız Kəlbəcər məcburi köçkünlərinin deyil, respublikanın müxtəlif bölgələrindən gəlmiş insanların məskunlaşdığı 516 hektar sahəni əhatə edən ərazidə hər bir ailənin, hər bir vətəndaşın rahat və firavan yaşaması üçün böyük abadlıq-quruculuq işlərinə başlanıb. Burada ilkin olaraq su-kanalizasiya, işıq-qaz, su problemləri, küçə və yolların qaydaya salınması, asfaltlanması işləri həll olunacaqdır. Tikilən yaşayış evləri sənədləşdiriləcək, küçələr genişləndiriləcək, vacib sosial obyektlər tikiləcəkdir. İcra başçısı qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev əhalinin bütün təbəqələrinə, o cümlədən qaçqın və məcburi  köçkünlərə xüsusi diqqət, qayğı göstərir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Gəncədə 1500 nəfərlik qaçqın və məcburi köçkün qəsəbəsinin salınması, burada müasir tipli yaşayış binalarının istifadəyə verilməsi, həmin qəsəbədə mühüm sosial obyektlərin tikilməsi ölkə başçısının qayğısının bariz nümunəsidir.
Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədovun, eləcə də şəhər, rayon rəsmilərinin, hüquq-mühafizə orqanlarının və icra strukturları rəhbərlərinin, ziyalıların, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi səyyar qəbulda açıq mikrofon sakinlərin ixtiyarında idi. Heç bir məhdudiyyət qoyulmadan, kimsənin sözü kəsilmədən hər bir sakin diqqətlə dinlənildi. Əksəriyyəti Kəlbəcər məcburi köçkünlərindən ibarət olan sakinlərin şikayətləri əsasən işıq, qaz və su məsələləri ilə bağlı idi. Bütün müraciətlərin yerindəcə həlli üçün müvafiq təşkilatlara tapşırıqlar verildi. Nizami Babaşovun, İmamverdi Fərzəliyevin qazla bağlı müraciətləri həllini tapdı. Etibar Qasımov, Süleyman Cəfərov işıq sarıdan korluq çəkdiklərini bildirdilər. Onların şikayətləri təmin olundu və icra başçısı Elmar Vəliyev bildirdi ki, işıqla bağlı problemlərin həlli üçün müvafiq tədbirlər görülür. Qəsəbənin işıqlandırma sistemi başdan-başa yenidən qurulacaq, SİP kabellər çəkiləcək, işıq dirəkləri basdırılacaq, nasaz transformatorlar yeniləri ilə əvəzlənəcəkdir.
Kəlbəcərli məcburi köçkün, şəhid anası Mələk Aslanova evinin tikilməsinə köməklik göstərilməsini xahiş etdi. Məsələnin həlli üçün yerindəcə tapşırıq verildi. Kamil Fərzəliyevin işlə bağlı müraciəti həll olundu.
Səyyar qəbulda onlara göstərilən həssas münasibətdən, diqqətdən razı qalan sakinlər qayğıya, arzu və istəklərinə əməl olunduğuna görə ölkə başçısı, Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər