Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə-Təbriz dostluğu daha da möhkəmlənir

13 fevral 2015 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti İranın Təbriz şəhərində səfərdə olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkənin, ayrılıqda regionların inkişafında özünü qabarıq şəkildə büruzə verir. Həyata keçirilən regional proqramlar, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər bu gün şəhər və rayonlarda yol infrastrukturunun yenilənməsi, sosial layihələrdən olan məktəb, uşaq bağçası, səhiyyə ocaqlarının tikintisi və təmirinə, kommunal və kommunikasiya sisteminin təzələnməsinə imkanlar yaradıb. Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncə də dövlətin diqqət və qayğısını daim hiss edən və buna əməli işlə cavab verən şəhərlərdən biridir. 4000 illik yaşı olan şəhərin son 4 il ərzində simasının tamamilə yenilənməsi, aparılan abadlıq və yenidənqurma işləri, Gəncənin ölkənin sənaye mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan addımlar şəhər sakinlərinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən amillər olmaqla, beynəlxalq əməkdaşlıq baxımından da yeni imkanlar açır. Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, beynəlxalq tədbirlər və festivallar keçirilir, Gəncə 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilib, şəhərin nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri ikitərəfli münasibətlərin qurulmasına xidmət etməklə, ölkələr arasında əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradır.
Bu günlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinin İranın Təbriz şəhərinə səfəri, hər 2 şəhərin qardaşlaşmasını nəzərdə tutan protokolun imzalanması, keçirilən görüşlər Azərbaycan-İran münasibətlərinin son 1 ildə yüksələn xətlə inkişafından xəbər verir. Nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik, Gəncə ilə münasibətlərin qurulmasına verilən önəm İran tərəfinin də əlaqələrin genişlənməsinə maraq göstərdiyini ifadə edir.
3 günlük səfərin ilk günündə Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüş olub. Hər iki ölkə arasında siyasi münasibətlərin müsbət inkişafından məmnunluq ifadə edilərək, ölkə başçıları arasında sıx təmasın buna xidmət etdiyi önə çəkilib. Bu isə, öz növbəsində regionlar arasında münasibətlərin qurulması və inkişafına xidmət etməklə, hər iki xalq arasında əlaqələrin inkişafına müsbət zəmin yaradır. “Bu görüş Təbrizlə Gəncə arasında yaxşı bağlantıların qurulması üçün əsas oldu” – deyən Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə bütün sahələr üzrə 2 şəhər arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə səfərin iqtisadi, elmi, mədəni əlaqələrin qurulmasına yaxşı zəmin yaratdığını söyləyib, Təbrizdən olan nümayəndə heyətini tezliklə Gəncədə görməkdən şad olacağını bildirib.
Nümayəndə heyəti Azərbaycanın Təbrizdəki baş konsulluğu ilə tanış olub. Baş konsul Əli Əlizadə qonaqları mehribanlıqla qarşılayıb və bu görüşün tarixi əhəmiyyətini qeyd etməklə, çox əlamətdar hadisə olaraq qiymətləndirib. Gündən-günə möhkəmlənən və genişlənən işgüzar əlaqələrin hər iki ölkəyə layiqli töhfələr gətirəcəyini vurğulayıb. Gəncədən olan nümayəndələr böyük şair Şəhriyarın da uyuduğu şairlər məzarlığını və Seyid Həmzə İmamzadəsini ziyarət ediblər. Səfər çərçivəsində bələdiyyə muzeyi ilə tanışlıq olub.
Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi ilə görüş zamanı isə, Təbriz və Gəncə şəhərlərinin qardaşlaşması barədə protokol imzalanıb. Tarixi hadisə kimi qiymətləndirilən bu səfərin dini bir, dili bir olan şəhər sakinləri arasında əlaqələrin qurulmasına xidmət etdiyi qeyd edilib. Gəncədə Təbriz, Təbrizdə isə Gəncə günlərinin keçirilməsi barədə şifahi razılıq əldə edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfərin yüksək səviyyədə təşkilinə görə İran tərəfinə təşəkkür edib. Təbrizlilərin Gəncəyə xüsusi rəğbəti olduğunu deyən Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi isə, imzalanan protokolun hər 2 şəhərin iqtisadi, elmi, mədəni əlaqələrinin genişlənməsinə xidmət etdiyini bildirib.
Səfərin ikinci günü Təbriz Dövlət Universiteti ilə tanışlıq olub. Universitetin rektoru Mәhәmmәdrza Purmәhәmmәdi 21 min tələbə və 750-ə yaxın professor-müəllim heyəti olan ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında tələbə-müəllim mübadiləsinin, elmi işlər üzrə birgə tədqiqatların aparılmasının önəmli olduğunu bildirib. Görüşdə əlaqələrin gücləndirilməsini nəzərdə tutan işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.

   

      

  

    

     

    

     

Keçidlər