Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə möhtəşəm Məşəl təntənəsi yaşanıb

16 may 2015 | 15:00
Gəncə mayın 15-də möhtəşəm təntənələrlə, füsunkar və əlvan bayram libasında “Bakı -2015”-in Məşəl sevincini yaşayıb. Gündən-günə gözəlləşən və inkişaf edən Şeyx Nizami Yurdunun mərkəzində -Heydər Əliyev meydanında I Avropa Oyunlarının məşəlini “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib.Dünya və Avropa yarışlarında yüksək göstəricilər qazanan 10 idmançı dünyanın Ən Böyük Azərbaycanlısı, dahi Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin fədakar fəaliyyətinin, güclü diplomatiyasının sayəsində daim ucalan Azərbaycanın nurlu və işıqlı sabahının, üçrəngli bayrağımızın əzəmət və qüdrətinin, uğur və zəfərlərin təcəssümü olan rəmzi məşəli bir-birinə ötürərək, Nizami Gəncəvi prospekti ilə 4 kilometrə yaxın yolu qət edib, dünyanın ən böyük parklarından biri olan Heydər Əliyev Park-Kompleksindəki amfiteatra gəliblər. Yolboyu onları əllərində gül-çiçək dəstələri, rəmzi bayraqlar olan Gəncə sakinləri müşayiət ediblər.Məşəli gur alqış sədaları ilə sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sevinc və alqış nidaları altında I Avropa Oyunlarının çırağı yandırılıb və yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verilib.
Sonra əsl ümumxalq bayramına çevrilən “Alov” festivalında birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasimini əks etdirən videoçarx maraqla izlənib.
Şəhərin incəsənət ustalarının və musiqiçilərinin geniş konsert proqramı, gənc idmançıların nümunəvi oyunları gəncəlilərin bayram sevincinə daha xoş ovqat, şuxluq gətirib.
Olimpiya çempionu Toğrul Əsgərovun bayram təəssüratlarını dinlədik:-I Avropa Oyunlarının məşəlini doğma şəhərimiz Gəncədə alovlandırmaq  mənə nəsib olduğu üçün fəxr edirəm və qürur duyuram. İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzun göstəricisidir. Bu mühüm hadisə Azərbaycanın tarixinə parlaq səhifə kimi həkk olunacaq. I Avropa Oyunları ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaq. Bütün dünya Azərbaycanı izləyəcək. Avropa Oyunlarının alovu insanları dostluğa, birliyə, həmrəyliyə, əmin-amanlığa çağırır.Bütün idmançılarımıza uğurlar arzulayıram.
Elçin Zeynalov: Bu gün Azərbaycan həm də idman ölkəsi olaraq tanınır.Yaradılan bu şəraitdən bəhrələnən idmançılarımız yeni-yeni uğurlara imza atırlar. Bunu Gəncə idmançılarının timsalında da aydın görmək olar. Təkcə keçən il gəncəli idmançılar dünya və Avropa yarışlarından Vətənə 142 qızıl, 73 gümüş, 104 bürünc medal gətiriblər.Cari ilin ötən üç ayında isə onlar keçən ilin müvafiq dövrü ilə müqayisədə uğurların sayını artıraraq, 38 qızıl, 30 gümüş və 22 bürünc medala sahib olublar. Şəhərimizdə müasir tipli idman kompleksi, idman məktəbləri fəaliyyət göstərir. Hazırda bu qədim şəhərdə möhtəşəm bir idman obyektinin inşası da sürətlə davam edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə Gəncə Olimpiya Parkının tikintisinə başlanılıb.İdmançılara göstərilən bu qayğı Avropa Oyunlarında da öz bəhrəsini verəcək.
Avropa çempionu İsa Rzayev:Bu gün Avropa Oyunlarının Məşəli ölkəmizi diyar-diyar gəzərək insanlara sevinc bəxş edir. Bu sevincdən biz gəncəlilərə də pay düşüb.Azərbaycanda keçirilən İlk Avropa Oyunlarında  biz bir daha  sübut edəcəyik ki, ölkəmiz çox güclü dövlətdir. Yarışlarda bayrağımızı yüksəklərə qaldıracağıq.
Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq olub.

 

 

 

 

 

Keçidlər