Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində Mətbuat Evinin açılışı olub.

04 iyul 2015 | 15:00
Gəncə şəhərində “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfransdan əvvəl milli mətbuatımızın yaranmasının 140 illiyi münasibətilə Gəncədə “Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti Mətbuat Evinin açılışı olub.
Sonra iştirakçılar binada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Gəncəçayın sağ sahilində yerləşən, 460 kvadratmetrlik ərazini əhatə edən bina informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin olunub. Burada sürətli internet şəbəkəsi yaradılıb ki, bu da kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumatları operativ ötürüb-qəbul etməyə imkan verir. Bundan əlavə, Mətbuat Evində iş və istirahət otaqları, konfrans zalı da fəaliyyət göstərəcək.
Daha sonra Heydər Əliyev Mərkəzində “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin milli mətbuatımıza göstərdiyi xüsusi diqqət və qayğıdan danışan Elmar Vəliyev deyib: “Məhz ilk dəfə olaraq Ulu Öndərin imzaladığı Sərəncama əsasən Azərbaycan mətbuatının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də milli mətbuatımıza hər zaman xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ölkəmizdə milli mətbuatımızın yubileyləri təntənəli şəkildə qeyd edilir. Bütün bunlar Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarına dövlət qayğısının bariz nümunəsidir. Eyni zamanda, bunlar KİV-lərin gələcək inkişafı üçün də önəmli töhfədir”.
Hər il ölkəmizin bütün bölgələrində mətbuat gününün təntənəli şəkildə qeyd edildiyini deyən icra hakimiyyətinin başçısı bildirib ki, Gəncədə istifadəyə verilən Mətbuat Evi də bu sahədə çalışan insanlara bayram hədiyyəsidir. Bu binada jurnalistlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də mətbuat sahəsinə xüsusi diqqət və qayğı var.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev konfransda çıxış edərək ölkəmizdə KİV nümayəndələrinə göstərilən dövlət qayğısından, son illərdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb.
Ərəstun Mehdiyev deyib: “Mətbuatımızın 140 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması əlbəttə ki, təqdirəlayiq haldır. Bu, Azərbaycan dövlətinin milli mətbuatımıza göstərdiyi diqqətin bariz nümunəsidir. Azərbaycan mətbuatı yarandığı gündən xalqımızın, dövlətimizin mənafeyini ifadə edib, gündəmdə olan problemləri hər zaman müzakirə obyektinə çevirib. “Əkinçi” qəzetinin fəaliyyətə başlaması ilə yaranan bu ənənələr indi də davam edir. Milli mətbuatımız bu missiyanı çox məsuliyyətlə yerinə yetirir. “Əkinçi” qəzeti qısamüddətli fəaliyyəti dövründə Azərbaycan xalqının maariflənməsi işinə böyük töhfə verib”.
Müstəqilliyin ilk illərində ölkəmizdə yaşanan böhranın mətbuat sahəsinə də təsir etdiyini vurğulayan şöbə müdirinin müavini deyib ki, həmin dövrdə ölkənin müharibə şəraitində olması,sosial-iqtisadi problemlər, senzuranın mövcudluğu mətbuatın inkişafına əngəllər yaradırdı. Xüsusən regionlarda mətbuatımız ən ağır günlərini yaşayırdı. Maddi-texniki problemlərlə əlaqədar bəzi mətbu orqanlar öz fəaliyyətlərini dayandırırdı. Eyni zamanda, mətbuat sahəsində çalışan insanların da peşəkarlıq səviyyəsi aşağı idi. Məhz ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi, mətbuat sahəsinə də xüsusi diqqət yetirdi. Mətbuat orqanlarının maddi-texniki bazası gücləndirildi. Bu sahədə peşəkar insanların sayının artırılması qısa müddətdə müsbət nəticələrini verməyə başladı. Eyni zamanda, 1998-ci ildə senzuranın ləğv edilməsi, bir sıra islahatların aparılması mətbuat sahəsinin inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu cür konfransların keçirilməsi, müzakirələrin aparılması milli mətbuatın inkişafı üçün olduqca önəmlidir.
Ərəstun Mehdiyev deyib: “Bu gün Azərbaycanın bütün bölgələri sürətlə inkişaf edir, infrastrukturu yenilənir, müasirləşir. Gəncəyə bugünkü səfərimiz zamanı ölkənin ikinci böyük şəhərinin müasirləşdiyinin, gözəlləşdiyinin şahidi olduq. Bütün bunlar isə dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olub. Azərbaycan inkişaf edir, ölkəmizin hər bir bölgəsində quruculuq, abadlıq işləri aparılır. Respublikamızın bütün regionları başdan-başa yenilənir, yüksəliş dövrünü yaşayır. Əlbəttə, dövlətimizin sosial-iqtisadi tərəqqisi mətbuatımızın da inkişafına zəmin yaradır, stimul verir”.
Ölkəmizdə mətbuatın inkişaf etdirilməsi üçün bütün lazımi addımların atıldığını deyən Prezident Administrasiyasının rəsmisi görülən işlər nəticəsində artıq regionlarda da mətbuatın inkişaf etdiyini, yeni peşəkar kadrlar yetişdiyini vurğulayıb.
Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışan Ərəstun Mehdiyev deyib: “Birinci Avropa Oyunlarının keçirildiyi zaman ölkəmizi istəməyən, qazandığı nailiyyətlərə qısqanclıqla yanaşan qüvvələrin olduğu ortaya çıxdı. Təəssüf ki, bu qarayaxma kampaniyasına ölkə daxilində də bəzi qüvvələr dəstək verməyə cəhd göstərdilər. Bunların arasında bəzi mətbuat orqanları da var. Bunlar bizi narahat etmir. Azərbaycan dövləti, cəmiyyəti doğru yolla irəliləyir. Azərbaycanda sağlam, peşəkar mətbuat var. Bu mətbuat dövlətimizə daim dəstək olub və bundan sonra da olacaq. Əminəm ki, bütün Azərbaycan cəmiyyəti kimi, milli mətbuatımız da ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunun tapılmasında yaxından iştirak edəcək, dövlətimizə qarşı yönəlmiş saxta ittihamları cəsarətlə dəf edəcək”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın inkişafından, müstəqillik dövründə bu sahədə həyata keçirilmiş genişmiqyaslı islahatlardan söhbət açıb. O, ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Qeyd edilib ki, bu dövrdə Ulu Öndərin diqqət və qayğısı sayəsində söz və mətbuat azadlığının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazası formalaşdırılıb, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silinib, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, mətbuatın özünüidarəsini həyata keçirən ictimai qurum olan Mətbuat Şurası yaradılıb və digər mütərəqqi islahatlar həyata keçirilib.
Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən V.Səfərli ötən dövrdə ölkə mətbuatının yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini, qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dövlət büdcəsi hesabına silindiyini və digər faktları diqqətə çatdırıb.
İcraçı direktor ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər mühüm istiqamətlərdə reallaşdırılan layihələr barədə də ətraflı məlumat verib. V.Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirərək dövlətimizin başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın 140 illiyi münasibətilə təbriklərini çatdırıb, müasir müstəqil Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısından danışıb.
Bildirilib ki, ötən illər ərzində Həsən bəy Zərdabi ideyalarını yaşadan və “Əkinçi” ənənələri ilə qidalanan Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçərək çox böyük inkişaf səviyyəsinə yüksəlib. Azərbaycan söz və mətbuat azadlığı sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə edilə biləcək tərəqqiyə nail olub. Respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanlar yaradılıb.
“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas Azərbaycan mətbuatının inkişafına, jurnalistlərə göstərilən dövlət qayğısından danışıb. O deyib ki, Azərbaycan Prezidentinin milli mətbuatımızın 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamı jurnalistikamızın daha da inkişafında mühüm rol oynayacaq.
Konfransda paytaxt və bölgələrdə fəaliyyət göstərən qəzet redaktorları və rayon icra hakimiyyəti başçıları aparatlarının nümayəndələri də çıxış edərək region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan, jurnalistlərə göstərilən dövlət qayğısından danışıblar.

      

Keçidlər