Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Dövlət və din münasibətləri" mövzusunda tədbir keçirilib

14 mart 2018 | 16:00

 Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Naqif Həmzəyev, QİM-nin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Komitə sədri dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Mübariz Qurbanlı çıxışında vurğulayıb ki, respublikamızda mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dini radikalizmin fəsadları barədə də ətraflı məlumat verən sədr bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından geniş bəhs edib.

Çıxış edən QİM-nin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov dini ekstremizmin ictimai təhlükəsizliyə təsiri barədə danışıb. O, dini ekstremizmin yayılmasının qarşısının alınması və gənclərə sirayət etməməsi üçün həyata keçirilən dini maarifləndirmənin önəminə diqqət çəkib. Tahir Abbasov radikal dini təbliğata qarşı ənənəvi İslam dininin prinsiplərinin və sağlam ideyalarının təbliğinin əhəmiyyətindən danışıb.

Millət vəkili Naqif Həmzəyev dinə və dindarlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Vurğulayıb ki, din insanların yaşam tərzi, mənəvi seçimi kimi dövlətin himayəsinə alınırsa, inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına, digər dinlərə hörmət qoyması və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Keçidlər