Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Unutmayaq ki, biz gözəgörünməz düşmənlə mübarizə aparırıq!

05 iyun 2020 | 16:00

 

Bildiyimiz kimi, yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı bütün ölkələrdə olduğu kimi Azərbaycanda da geniş mübarizə aparılır. Görülən bütün tədbirlərin məqsədi isə vətəndaşların sağlamlığının və həyatının qorunmasıdır. Bəli, məhz vətəndaşların sağlamlığı və həyatının qorunması dövlətimizin, ələxüssus da cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin ən ali məqsədlərindən biridir. Əbəs yerə deyil ki, bütün çıxışlarında dövlət başçımız müraciət edərək hər birimizi diqqətli olmağa, sağlamlığımızın qayğısına qalmağa dair çağırışlar edir.

İlham Əliyev: “Mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək. Mən əminəm ki, biz buna nail olacağıq”.

Cənab Prezident İlham Əliyevin yeni növ koronavirus (COVİD-19) pandemiyasının ilkin dövrü zamanı imzaladığı müvafiq sərəncama uyğun olaraq ölkədə profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan edildi, kütləvi tədbirlər ləğv olundu, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Bununlada qərargahın  pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Məhz  bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanıldı. Həmçinin, karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulub. 

Azərbaycan Respublikasının Nazirlər Kabineinin yanında Operativ Qərargahın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) irəli sürdüyü bu sadə tövsiyyələrə yumşalmadan sonra da riayət olunmasına dair tapşırıqlar verildi. Bu üsullar isə çox asan və sadədir:

 1. Qoruyucu tibbi maskalardan istifadə etmək;

 2. Şəxsi qiqyena ilə yanaşı dezinfeksiyaedici məhlullarldan istifadə etmək.

Pandemiyanın ilkin dövrlərində yuxarıda sadalanan vasitələrin satışında qıtlıq yaranmışdır. Əhali arasında ən çox  “maska yoxdur, satılmır” sözlərinə rast gəlinirdi . Lakin tez bir zamanda bu problem də öz həllini tapdı. Prezident İlham Əliyevin tapşırığına əsasən ölkədə maska istehsal edilən fabriklər açıldı və bununla da dövlət başçısının əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqət və qayğı ilə yanaşdığı bir daha sübut etdi.

Lakin çox təəsüflər olsun ki, bir çoxları bu tövsiyyələrə məhəl qoymaraq öz sağlamlıqlarını qorumaq naminə heç bir üsuldan istifadə etmirlər. Hansı ki, cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün bir nümunə idi. Hətta bəziləri “virus yoxdur, şaiədir” deyə vətəndaşlar arasında inamsızlıq şəraiti yaratmağa çalışırlar. Bununla da, ölkədə karantin rejiminin yumşalmasından sonra koronavirus infeksiyasının sözün əsl mənasında “çiçəklənmə” dövrü başladı. Əgər əvvəllər, yəni sərt karantin rejimi zamanı  Operativ Qərargahın gündəlik statistik göstəriciləri 2 rəqəmliydirsə, son günlərdə 3 rəqəmli olmağa başladı.  03.06.2020-ci ildə isə ölkə üzrə  325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı, 101 nəfər müalicə olunaraq sağaldı, 5 nəfər vəfat etdi. Beləliklə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandı.

Nəticədə bütün bu faktları nəzərə alan Operatv Qərargah təcili sürətdə yenidən karantin rejiminin sərtləşdirilməsi barədə təklif hazırladı və Nazirlər Kabinetinə müraciət etdi. Bu gün isə olunan təklif Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bir sıra  məhdudiyyətlər tətbiq edildi. Məhdudiyyətlərə əsasən həftəsonları bəzi istisnalar olmaqla  bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırıldı. Məsələ ilə bağlı Baş Nazir Əli Əsədov televiziya vasitəsilə çıxışı zamanı həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də tətbiq olunmasının nəzərdə tutulduğunu bildirdi.  “Xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub. Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu.
Odur ki, vəziyyəti öz axarına buraxa bilmərik və qərara alındı ki, qəti sərt tədbirlər görülsün. Digər şəhərlərdə də yoluxma halları artarsa izolyasiya tədbirlərinin orada da tətbiqi həyata keçiriləcək. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.. ”- deyə Baş nazir əlavə etdi.

Bütün bunları nəzərə alaraq vətəndaşlarımızı bir daha məsuliyyətli olmağa çağırırıq, Operativ Qərargahın verdiyi tapşırıq və tövsiyyələrə uyğun hərəkət etmələrini xahiş edirik. Unutmayaq ki, biz “gözəgörünməz” düşmənlə mübarizə aparırıq!

 

 

Keçidlər