Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Güclü lider, güclü ordu və güclü hərbi sənaye böyük qələbənin təminatıdır

28 iyun 2020 | 16:00

Tarix sübuta yetirib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də əbədi olur. Döyüşün, yağı düşmənə qarşı mübarizənin az qala milli yaşam tərzinə çevrildiyi qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, vətən uğrunda canından belə keçməyə hazır olan insanların tarixi vətəni kimi tanınıb.

Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu birinci yerdə dayanır.  Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar ildən ilə daha da intensivləşir. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib.

Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında etdiyi  çıxış zamanı səsləndirdiyi fikirlər bunu bir daha təstiq edir: “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.

Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan verir. Heç kimə sirr deyil ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötüb. Milli Orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq maddi-texniki təminatın, döyüş əhvali-ruhiyyəsinin, nizam-intizamın güclənməsinə səbəb olur.

Prezident İlham Əliyev qeyd edib ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir: “Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Mənim göstərişimlə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanmışdır. Hesab edirəm ki, maksimum il yarım–iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcəkdir”. 

Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir.  Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub. Bu ilin sonuna qədər daha 419 zabitə dövlət tərəfindən mənzillərin verilməsi nəzərdə tutulur.

Azərbaycanın hərbi sənaye kompleksi də artıq yetərincə formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan ölkədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə bu gün Azərbaycanda 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında hərbiçilərlə görüşü zamanı qeyd edib ki, bütün bu amillər ordunun döyüş qabiliyyətinin artırılmasına hesablanıb və bu istiqamətdə də lazımi addımlar atılır: “Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq”. 

                   

Ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarilə ordumuzun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var: ərazilərimizin işğaldan azad edilməsi!

 

 

Keçidlər