Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Minsk qrupunun həmsədrləri adekvat reaksiya vermirlər

09 iyul 2020 | 16:00

 

Dövlət başçısı ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır. Ötən gün bəzi yerli KİV-nə müsahibə verən prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyində hər hansı bir dəyişikliyin olmadığını, Ermənistanla imitasiya xarakterli danışıqlarda iştirak etməyəcəyini vurğulayıb.

Ermənistan tərəfinin iki ildir danışıqların formatını dəyişmək istədiyini və danışıqları qondarma Dağlıq Qarabağın dırnaqarası liderləri ilə aparmaq cəhdinə adekvat cavabın verilmədiyini deyir prezident İlham Əliyev. Mahiyyəti əsas götürülməklə danışıqlar formatına sadiqlik ifadə edən dövlət başçısı qarşı tərəfin “Qarabağ Ermənistandır”, “Formatı dəyişmək lazımdır” kimi fikirləri tamamilə danışıqları əhəmiyyətsiz etdiyini dilə gətirib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər!".

Qondarma Dağlıq Qarabağ respublikasının saxta prezidentinin Şuşada andiçmə mərasimini təxribat kimi dəyərləndirən dövlət başçısı məsələyə adekvat reaksiya verilmədiyini xatırladıb. Bu təxribata görə Ermənistanın cavabdehlik daşıyacağını bildirib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik".

Dövlət başçısı Ermənistanın işğal altındakı torpaqlarda qanunsuz məskunlaşdırma siyasətinə toxunaraq ATƏT-in faktaraşdırıcı missiyasının zəbt olunan ərazilərdə 10 il bundan əvvəl olduğunu vurğulayıb. Bu müddət ərzində həmin torpaqlarda müxtəlif yerlərdən gətirilən ermənilərin yerləşdirildiyini, şəhərlərimizin tarixi adlarının dəyişdirildiyini, işğal edilən torpaqlarda kilsələr tikildiyini diqqətə çatdırıb. Azərbaycanın dözümlülük göstərərək konstruktiv olmağa çalışdığını deyən prezident İlham Əliyev bu gün faktiki olaraq danışıqlar prosesinin getmədiyini önə çəkib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın".

Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistanın bu addımını Azərbaycana qarşı olan nifrət və özünü dünyadan təcrid etmə kimi dəyərləndirib.

 

                                     Fərid Mehtiyev – Kəpəz MTRŞ-nın Xəbərlər Departamentinin direktoru        

Keçidlər