Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Bu gün - qisas, həmrəylik və birlik günüdür

18 iyul 2020 | 16:00

 

Prof.Azad Mustafa oğlu Bayramov

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə şəhəri

Məlum olduğu kimi İyun ayının 12-dən başlayaraq, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatı baş verib. Erməni təcavüzkarlarının növbəti təxribatı nəticəsində ağır döyüşlər hələ də davam etməkdədir. Tovuz rayonuna Ermənistanın hücumu əslində yeni növ koronavirus pandemiyasının yaşandığı bir dövrdə daxili siyasəti dəyişdirmək üçün düşünülmüş təxribatdır. Ermənistanın iqtisadiyyatı olduqca pis vəziyyətdədir. Ermənistan Dağlıq Qarabağ böhranında da xüsusilə ABŞ və Rusiyadakı lobbiçiləri tərəfindən maliyyə yardımı ilə ayaq üstə dayana bilirdi. Hazırda bu yardımlar kəsilib. Digər tərəfdən, Rusiyanın Ermənistana yatırımları son zamanlar azalıb.

 Ermənistan dövlətinin Dağlıq Qarabağda deyil, məhz Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozub və hərbi təxribata əl atması təsadüfü ola bilməz. Burada iki məqsəd ola bilər. Birincisi, Azərbaycanı hərbi təxribata cəlb etməkdir. Belə olan halda,  Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına müraciət edib, onlardan dəstək almaq Azərbaycanı təkləmək niyyəti. İkincisi isə, Azərbaycanı təxribata cəlb etmək və nəticədə bu hərbi-siyasi təşkilatın üzvlərinə, xüsusilə də Rusiya və Belarusiyaya təhrik göstərib, Azərbaycana silah satmasının qarşısını almaqdır. Əsas motivlər bunlardır. Ancaq unutmaq olmaz ki, Azərbaycanın bu təşkilatın üzvləriylə sıx iqtisadi və dostluq əlaqələri vardır. Bu səbəbdən Paşinyanın niyyəti reallaşmadı. Bütün hallarda məsuliyyət Ermənistanın üzərinə düşür. Digər tərəfdən Ermənistanın daha çox hərbi postlarımızı deyil, mülki əhalini hədəf alması yuxarıda dediklərimizin isbatıdır.

Belə gedişat müharibənin başlanmasına səbəb ola bilər. Müharibə artıq faktiki olaraq başlayıb.Artıq sülh danışıqları mənaszıdır və inamını itirib.

Azərbaycan Dağlıq Qarabağ məsələsində kifayət qədər səbir edib, lakin indiki şəraitdə diplomatik vasitələr artıq öz torpaqlarını xilas etmək üçün kifayət etmirsə, hərbi vasitə ilə bu torpaqların geri alınmasının vaxtı çatıb. Rusiya və ya digər vasitəçi dövlətlər Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərini qaytarmağı təmin edə bilmirlərsə, Azərbaycan ordusu bütün dünyaya bəyan edərək hərb yolunu tətbiq etməyə tam haqqı çatır.

BMT və ATƏT-in Minsk Qrupunun Ermənistanın Azərbaycana təcavüzünə yumşaq mövqeyi də qəbuledilməzdi. Ermənistan illərdir ki, etdiyi qanunsuz hərəkətlərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyəti öz xeyrinə fəallaşdırmaq cəhdindədir, Azərbaycanı işğal etməsinə “qanuni” don geyindirməkdədir. Bu beynəlxalq təşkilatlar Dağlıq Qarabağdakı qanunsuz seçkilərin keçirilməsinə, işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin məskunlaşmasıa laqeyd qalaraq, səs çıxarmırlar.

       “Tovuz döyüşləri” uzun illər təlqin edilən “qarşı tərəfin” növbəti “təxribatı” deyildir. Bu müharibədir. Onun düşmən tapdağı altında olan torpaqlarımızda yox, düşmən dövlətlə sərhəddə başlaması təsadüfi deyildir. Döyüş bölgəsinə gəlmiş generalın və yüksək rütbəli zabitlərin az bir zaman içində birlikdə məhv edilməsi sadəcə “müharibə dövrünün hadisəsi” deyildir. Azərbaycan cəmiyyəti bu “sərhəd təxribatı” planlarının qonşu düşmən ölkənin qərargahında cızılmadığını, baş verənlərin arxasında daha qüvvətli, daha təhlükəli siyasi-hərbi gücün və daha məkrli, uzağa yönəlmiş niyyətlərin durduğunu anlayır. Bu plan və niyyətlərin birbaşa ölkəmizin ərazi bütövlüyünə, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəldiyi göz qabağındadır. Hərbi təxribatın arxasında birbaşa Ermənistanın hərbi siyasi rəhbrəliyi və onun havadarları dayanır. Bir az da açıqlasaq, Paşinyan və ona göstəriş verən şəxslər dayanır. Məhz onların əmriylə Ermənistan silahlı qüvvələri atəşkəsi pozub və belə hərbi təxribata əl atıblar. Eyni zamanda burada sual doğuran çox maraqlı məqamlardan biri də odur ki, bu vəziyyətdə Ermənistan bütün məsuliyyəti Azərbaycanın üzərinə qoyur. Guya, Azərbaycan atəşkəsi Tovuz istiqamətində pozub. Bununla bağlı Ermənistan Müdafiə nazirinin mətbuat katibi müsahibəsində qeyd edir ki, Azərbaycan tərəfinə məxsus UAZ markalı hərbi maşın sərhədi keçdi və biz buna cavab verdik. Belə bir gülünc bir ittiham irəli sürüb. Belə vəziyyətdə təbii ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında da qeyd etdi ki, düşmənə odekvat cavab verdik və yerində otuzdurduq. İlk növbədə Cənab Prezident qeyd etdi ki, biz şəhidlərimizin qisasını aldıq və bundan sonra da alacayıq. Şəhidlərimizin qanı yerdə qalmayıb və bundan sonra da qalmayacaq. Biz dəfələrlə düşməndən bunun əvəzini çıxmışıq. Hadisələrin gedişatı onu göstərir ki, beynəlxalq aləmin reaksiyası gözlənilən səviyyədə deyil. Düzdür bəzi beynəlxalq qurumlar reaksiya verib. Lakin onlar da tərəfləri yalnız atəşkəsə çağırmaqla kifayətlənirlər. Hələ ki, işğalçı Ermənistanı pisləyən, kəskin mövqe ortaya qoyan beynəlxalq qurum yoxdur. ATƏT-in MİNSK qrupunun həmsədrləri ümumiyyətlə susub. Onların hələ ki, heç bəyanatı da yoxdur. Bütün bunlar təəssüf doğuran məsələlərdir.

     Düşmən Ermənistanın Tovuzda dövlət sərhəddimizdəki mövqelərimizə və yaşayış məntəqələrimizə hücumu nəticəsində şiddətli döyüşlərdə general-mayor Polad Həşimov, yüksək rütbəli zabitlərimiz, əskərlərimiz qəhrəmanlıqla şəhid oldu. Xeyli yaralılarımız var. Allah şəhidlərimizə rəhmət eləsin! Gənclər axın-axın cəbhə bölgəsinə döyüşə getmək üçün meydanlara çıxdı. Xalqla ordu bütövləşdi; xalq özü bir orduya çevrildi. Mən bu xalqın bir fərdi və ziyalısı olaraq belə bir anda belə bir ruh yüksəkliyimizlə iftixar duydum. Qələbə üçün bizə lazım olan birinci və ən strateji əhəmiyyətli yüksəklik ... ruh yüksəkliyidir. Bu xalqda varsa, orduda da olacaq - ordu da bu xalqın içindən çıxıb, onun bir güc parçasıdır. Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. 4 günlük müharibə kimi tarixə düşən aprel döyüşlərində ordumuz Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi.Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.

      Azərbaycan Ordusunun daha bir uğuru 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

     Tariximizdə çox şey yaşadıq, çox çətinliklərlə, itkilərlə qarşılaşdıq. Uğurlarımız da, məhrumiyyətlərimiz də oldu. Bu gün də çox məsuliyyətli bir mərhələyə qədəm qoymuşuq.

Bu hadisələr nətiscəsində başqa bir Azərbaycan doğuldu. Qarabağsız var ola bilməyəcəyini çoxdan və dərindən anlamış və bunu meydanlarda hayqıran, döyüşə getmək üçün silah istəyən bir yeni xalq dünyaya gəldi, daha doğrusu, xalq yenidən dünyaya gəldi. Necə ki, 1990-cı ilin 20 yanvarda yenidən doğulmuşduq, bu dəfə də ona bərabər sayıla biləcək bir şey oldu.

     Bir halda ki yenidən doğulduq, əvvəlki səhvlərimizi də görməli və təkrarlamamalıyıq. Səmimi vətənpərvərlik hisslərimizi ifadə edərkən millətimizin bütövlüyünə, ölkəmizin maraqlarına, dövlətimizin dayanıqlılığına zərər verə biləcək addımlardan da çəkinmək lazımdır. Düşmənin ən çox istədiyi və səbrsizliklə gözlədiyi bizim bir-birimizlə daxildə savaşa qalxmağımızdır. O zaman Tovuz da yaddan çıxar, sərhəd də, Qarabağ da deyə ümid edirlər. Gənclərimizin, xalqımızın bu çətin və məsul anlarda dövlətə və orduya dəstəyini, şəhidlərimizə şükranlığını kölgələyən hərəkətlər - qanunsuz əməllər yalnız və yalnız düşmənin xeyrinə olar.

      Erməni mediasına və sosial şəbəkə seqmentinə baxsanız, özünüz də görəsəksiniz ki, bir qrup şəxsin Milli Məclisin binasına daxil olaraq dağıntılar törətməsinə, polis avtomobilini aşırmasına, orduya dəstək, Qarabağ üçün topalaşan izdihamın sonunun belə bitməsinə necə sevinirlər! Bax, düşməni sevindirmək buna deyirlər. Biz düşməni məyus etməliyik, sevindirməli deyilik. Düşmənin Tovuzda əldə edə bilmədiyini biz öz əlimizlə Bakıda və başqa şəhərlərimizdə ona özümüz verməməliyik.

     Vətən sevgisi, torpaq təəssübü, ordumuza dəstək ifadə olunur, bu emosiyalar çox dəyərlidir.Vətənə  ağılla xidmət etmək mümkündür. Meydanlarda, mediada, sosial şəbəkələrdə - hər gün və hər yerdə bu hisslərimizi ifadə etməliyik. Ancaq dövlətimizin sarsılmasına, ölkəmizin daxili xaosa sürüklənməsinə, ordumuzun arxasız-dəstəksiz qalmasına yönələn hərəkətlər və çağırışlar edilməməlidir. Bunun qarşısını özümüz almağa çalışmalıyıq. Hər birimiz yanımızda olanları belə əməllərdən və çağırışlardan çəkindirməliyik. Bəli, gənclərimiz, orta yaşlılarımız, hətta ahıllarımız belə Qarabağda döyüşmək üçün əmr gözləyir. Bunu düşmən də görür və qorxuya düşür. Ancaq biz hər birimiz özümüzü əsgər görürüksə, bir əmr gözləyiriksə, başqa bir əmri də unutmamaq lazımdır;  dövlətin və ordunun gücünü sarsıda biləcək əməllərdən çəkinmək əmrini.

    Ali Baş Komandan Cənab İlham Əliyevin qeyd etdiyi kimi  Tovuz rayonunda dövlət sərhəddində baş verən təxribat  Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür.  Ordumuz tərəfindən erməni təxribatı layiqincə cavablandırıldı, düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Cənab Prezidentin vurğuladığı kimi bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq. Azərbaycan dövləti öz ərazilərində ikinci ermənistan dövlətinin yaradılmasına imkan verməyəcək və öz ərazi bütövlüyünü hansı yolla olursa olsun bərpa edəcəkdir. Hal - hazırda davam edən döyüşlər də Azərbaycanın üstünlüyü şəraitində gedir.

Allah ordumuza yar olsun!

 

Keçidlər