Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Qarabağ

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu    antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq (“miatsum”) ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.

1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan “Humanite” qəzetinə  verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş “Ocaq” kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.

1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə “təqsiri” başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan – azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir - tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi  başlanır. O vaxta qədər həyat tərzlərinin və mədəniyyətlərin aşağı səviyyədə qarşılıqlı təsiri barədə danışmağa imkan verən etnik adda-buddalıq sürətlə aradan qalxır.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir. Azərbaycan və erməni cəmiyyətlərində geniş yayılmaqda olan mübarizə ideyası “cəbhəçi tipli” şəxslərin fəallaşması üçün əlverişli şərait yaradır. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq başçılarının bu birliyi XX əsrin 80-90-cı illərinin qovuşağında siyasətin peripetiyalarını müəyyənləşdirir. Məhz 1988-ci ilin əvvəllərində etiraz əhval-ruhiyyəsinin kəskin güclənməsi müşahidə olunur, çünki erməni etnokratları sosial narazılığı milli narazılıqla əvəz etməyə və kütləvi şüuru xəyalpərəstlik və dözümsüzlük istiqamətinə yönəltməyə müvəffəq olurlar.

Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın – Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur – “DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə” yaradılır. Martın 5-də bu qurum “Krunk” adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda “Qarabağ” Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva “1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.

1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən,  Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.

İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. O, status-kvonu - Azərbaycan və erməni millətlərinin hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsünü müdafiə edirdi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi.

Azərbaycanın siyasi elitası dövlətçiliyin qorunması mövqelərindən çıxış edirdi, lakin onun  şəxsiyyət potensialı vəziyyətin dramatikliyinə uyğun deyildi. Heydər Əliyevin - çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan  bu dövlət xadiminin respublikada olmaması münaqişənin inkişafına və onun aralıq yekunlarına bilavasitə təsir göstərirdi.

SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar – 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı  “soyuq müharibə” bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq,  Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı “Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən “Memorial” təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir və haqlı olaraq belə hesab edir ki, bu, adi himayədarlıqdan daha əhəmiyyətlidir.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – “yenidən birləşmə” və “millətin öz müqəddəratını təyin etmək hüququ” şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.

“Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.

Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat  Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi. Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu – kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. Yeni ideoloji paradiqma Azərbaycanın millət-dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Lakin Azərbaycanın yeni rəhbərləri yeni siyasətə keçid məsələsində gecikir, hadisələrin gedişinin sürətləndirilməsində səhvlərə yol verirdilər. Lakin  siyasi uzaqgörənliyi, zaman və məkan hissinin yaxşı inkişaf etməsi ilə fərqlənən, hadisələrin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt subyektiv iradəsinin dayanmalı olduğunu başa düşən Heydər Əliyev bu dövrdə məcburi istefada idi.

SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi – bu, indi daha aşkar görünür, - çünki həmin komitə obyektiv olaraq özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən  imkanlarına əsaslanırdı. Buna baxmayaraq, Təşkilat Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu komitənin fəaliyyəti sakitcə heçə endi. Qorbaçovun ikiüzlü və riyakar siyasəti yeni siyasi reallıq “quruculuğunun” elementlərinə çevrildi. 1991-ci ilin payızında bu siyasət Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında “Dağlıq Qarabağ Respublikası” (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan “SSRİ Dövlət Şurası” 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran “qaynar mərhələyə” keçirdilər.

1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: “Sərhədləri bütün dünya tərəfindən tanınmış, - bizim ərazi bütövlüyümüz isə BMT tərəfindən tanınır... - suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

1993-cü ildə Azərbaycan milləti güclü dövlət başlanğıcının, həyatın sınağından keçmiş idarəçilik kadrlarının və ilk növbədə kreativ liderin şəxsində insan kapitalının nə qədər dəyərli olmasını öz təcrübəsində yəqin etdi. Bu millətin tarixi miqyasda bəxti gətirmişdi, bütün bunlar var idi. Aristotelin entelexiya adlandırdığı potensial imkanların faktik imkanlara keçməsini reallaşdırmaq üçün xalqın iradəsi tələb olunurdu.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması Dağlıq Qarabağ münaqişəsində yeni bir səhifə açdı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinə yol açdı. Bu baxımdan Dağlıq Qarabağ problemi yalnız aşağıdakı prizmadan təhlil edilir: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik xəttinin varisliyini əks etdirir.

İş-işdən keçəndən sonra, 1993-cü ildə Heydər Əliyevə obyektiv və subyektiv səbəblərdən yaranmış ağlasığmaz dərəcədə mürəkkəb şərait  miras qalmışdı. O, belə bir nəticəyə gəldi ki, Dağlıq Qarabağ probleminin həllinə sintetik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin hökmən nəzərə alınması tələb olunur. Bu, xüsusən, döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, sabit hakimiyyət qurumlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması və bu tədbirlərin nəticəsi kimi millətin sıx birləşdirilməsi demək idi. Heydər Əliyev deyirdi: “İşləri qaydaya salmaq üçün mənə iki il yarım vaxt lazım gəldi”. Heydər Əliyev özü etiraf edirdi ki, 1993-1994-cü illərdə o, “özünün uzun iş gününün 80 faizini” bu problemin həllinə ayırırdı.

1994-cü il mayın 5-də Bişkekdə barışıq haqqında protokol imzalandı. Ermənistanın təcavüzü nəticəsində 1993-1994-cü illərdə yeddi rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tutuldu. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrildi.

1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən “Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq” adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.

ATƏT çərçivəsində qəbul olunmuş qərarlar BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. Hələ 1992-ci ildə Helsinkidə keçirilmiş əlavə görüşdə ATƏM-in üzvü olan ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda silahlı münaqişənin genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmiş və Minskdə xüsusi konfrans çağırılması istəklərini ifadə etmişdilər. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik təsdiq edilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, dövlət və hökumət başçıları ATƏM-in fəaliyyətdə olan sədrinə danışıqların vahid və razılaşdırılmış bazasını yaratmaq, eləcə də bütün vasitəçilik və danışıq  fəaliyyətinin tam əlaqələndirilməsini təmin etmək üçün Minsk konfransının həmsədrlərini təyin etmək barədə tapşırıq verdilər. Dövlət və hökumət başçıları tərəflər silahlı münaqişənin dayandırılması barədə siyasi razılığa gəldikdən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çoxmilli qüvvələrini göndərməyə siyasi cəhətdən hazır olduqlarını da bəyan etdilər.

1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırdı. Həmin bəndlərdə deyilirdi ki, “Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı  hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə hərbi və başqa kömək göstərməməyi öhdəyə götürürlər”.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu.

1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur”. 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən “ümumi dövlət” ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərində Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.

Ermənistan-Azərbaycan münaqişəsi Avropa Şurasında da müzakirə olunmuşdur. 1997-ci ildə AŞPA “Cənubi Qafqazda münaqişələr haqqında” qətnamə qəbul etmişdir. Həmin qətnamədə bəyan edilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən, sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsipləri nəzərə alınmaqla tərəflərin danışıqlarının mövzusu olmalıdır.

1999-cu il aprelin 25-də Azərbaycan Prezidenti H.Əliyev və Ermənistan Prezidenti R.Koçaryan Vaşinqtonda ilk ikitərəfli görüş keçirdilər. 2001-ci il yanvarın 26-da və martın 4-5-də onlar Parisdə, daha sonra, 2001-ci il aprelin 3-7-də Ki-Uestdə görüşdülər.

2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.

Prezidentlər İlham Əliyevin və Robert Koçaryanın 2003-cü il dekabrın 11-də Cenevrədəki ilk görüşündən başlayaraq dəfələrlə keçirdikləri görüşləri də qeyd etmək lazımdır.

Hadisələrin bu konturu bir tərəfdən, Cənubi Qafqazın iki dövləti olan Azərbaycanın və Ermənistanın təbiətində, digər tərəfdən, münaqişənin həllinə onların konseptual yanaşmalarında ciddi fərq olduğunu göstərir.

Azərbaycanın dövlət quruculuğu mədəniyyəti ölkədə məskunlaşmış xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən ibarət olmuşdur və indi də belədir. XX əsr ərzində Azərbaycanda siyasi millət, yəni vətəndaş milləti yaranmışdı. Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Bu sözlər müasir Azərbaycan dövlətçiliyinin taleyüklü təbiətini əks etdirir. Müasir Azərbaycan dövlətinin siyasətinin ideya-mədəni və siyasi-psixoloji mənbələri bunlardır.

Müasir Azərbaycan Respublikası Azərbaycanda yaşayan xalqların vətəndaş-siyasi müqəddəratlarını təyin etməsinin nəticəsi olan bir millətin mövcudluğunu nəzərdə tutur. Bu başlıca mənada millət çərçivəsində “ayrılmaq da daxil olmaqla etnik müqəddəratın təyin edilməsi” problemi saxta, uydurma problemdir. Milli dövlətləri parçalamaq vasitəsi kimi istifadə edilən etnokratik millətçiliyin başlıca dəlilinin əsası yoxdur. Millət-dövlət çərçivəsində etnos siyasi-hüquqi subyekt ola bilməz, o, yalnız mədəni-tarixi subyekt ola bilər. Müasir millət-dövlətlər polietnik dövlətlərdir. Etnosların ümumi milli mənafe və etnosun fövqündə duran ideologiya ilə siyasi millət şəklində birləşmədiyi dövlət, olsa-olsa, böhranlı vəziyyətdə mövcud ola bilər. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tətbiqən siyasi fəlsəfəsi ən ümumi şəkildə belədir.

Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: “Əlbəttə, diplomatik uğurlar bizi sevindirir... lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar”.

Diplomatik uğurların qiymətləndirilməsi meyarı praktikadadır – Azərbaycan dövlətinin şəksiz və qanunauyğun şəkildə ölkənin ümumi qüdrətində əks olunan uğurlarındadır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev deyir: “Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, mən əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir”.

Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll ediləcəkdir. Ölkəmiz burada məskunlaşan bütün xalqların ümumi evi olmuşdur və olacaqdır.

ERMƏNİSTAN RESPUBLİKASININ HƏRBİ TƏCAVÜZÜNÜN NƏTİCƏLƏRİ  

                                       Cəbhə xəttinin uzunluğu — 246 km

Dağlıq Qarabağ (1989)                                                   

Ərazi  — 4 388 kv.km

Əhali — 189 085

Ermənilər — 145 450 (76.9 %)

Azərbaycanlılar — 40 688 (21.5 %)

Sair — 2 947 (1.6 %)

Sərhədin uzunluğu — 485 km

O cümlədən: Şuşa rayonu

Ərazi  — 312 kv.km

Əhali — 20 579

Azərbaycanlılar — 19 036 (92.5%)

Ermənilər — 1 377 (6.7%)

İşğal olunmuşdur — 1992-ci il, 8 may   

                                  DAĞLIQ  QARABAĞIN  ƏTRAFINDAKI  RAYONLAR

                                                 İşğal olunmuşdur                               Əhalisi- 2015

Laçın rayonu                                   1992-ci il, 18 may                              74 100

Kəlbəcər rayonu                             1993-cü il, 2 aprel                               88 300

Ağdam rayonu                                1993-cü il, 23 iyul                               191 700

Füzuli rayonu                                  1993-cü il, 23 avqust                         125 400

Cəbrayıl rayonu                              1993-cü il, 23 avqust                          76 600

Qubadlı rayonu                              1993-cü il, 31 avqust                          38 900

Zəngilan rayonu                             1993-cü il, 29 oktyabr                         42 700

TƏCAVÜZÜN QURBANLARI

Həlak olmuşdur - 20 000    Əlil olmuşdur - 50 000

İtkin düşmüşdür (2015)- 4 011

Qeyd: Münaqişə müddətində 6000-dən çox Azərbaycan vətəndaşı itgin düşmüş, əsir-girov götürülmüşdür.

DAGINTILAR VƏ  ZİYANLAR  (1988-1993-cü illər)    

Yaşayış məntəqələri                                                         900

Evlər                                                                                  150 000

İctimai binalar                                                                   7 000

Məktəblər                                                                          693

Uşaq bağçaları                                                                  855

Tibb müəssisələri                                                              695

Kitabxanalar                                                                     927

Məbədlər                                                                           44

Məscidlər                                                                           9

Tarixi abidələr, saraylar və muzeylər                             473

Muzey eksponatları                                                          40 000

Sənaye  və  kənd  təsərrüfatı  müəssisələri                      6 000    

Avtomobil  yolları                                                            2 670   

Körpülər                                                                            160

Su kommunikasiyaları                                                     2 300 km

Qaz kommunikasiyaları                                                   2 000 km

Elektrik xətləri                                                                  15 000 km  

Meşələr                                                                              280 000 ha

Kənd  təsərrüfatı  üçün  yaralı torpaqlar                        1 000 000 ha

İrriqasiya sistemləri                                                          1 200 km   

  

QAÇQIN, MƏCBURI KÖÇKÜN VƏ SIĞINACAQ AXTARAN ŞƏXSLƏR  (2015)

Ermənistandan qaçqınlar                                                                                  350 000

Azərbaycanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər                        789 000

Orta Asiyadan qaçqınlar (Axısxa türkləri)                                                       60 000

Digər ölkələrdən olan qaçqın və sığınacaq axtaran şəxslər                            1 500

(2003-cü ilə qədər onların sayı 11 000 nəfər olmuşdur)

Cəmi:                                                                                                                1 200 500

İşğal edilmiş ərazilərdə olan Ermənistan hərbi qüvvələri (2015)

Tank               — 350

Artileriya       — 425

ACV                — 398

Şəxsi  heyət  — 45 000 nəfər        

İşğal edilmiş ərazilərə qanunsuz köçürülən əhali  (2015)

Dağlıq Qarabağ  —   8 500

Laçın                    — 13 000

Kəlbəcər             —      700

Zəngilan              —     520

Cəbrayıl               —     280

Cəmi:                       23 000 nəfər             

Qeyd:

1.      Qaçqın və məcburi köçkünlər müvəqqəti olaraq 62 şəhər və rayon ərazisində əsasən  1 600-dən çox obyektdə məskunlaşmışdır.

2.      Ermənistanla və işğal olunmuş ərazilərlə həmsərhəd yaşayış məntəqələrindən olan məcburi köçkünlərin sayı (2015)-110 612 nəfərdir.

 

Keçidlər