Gəncə şəhərində nəqliyyat vasitələrinin utilizasiyası həyata keçirilir
Gəncədə yerləşən “Semsan” şirkəti nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətinə başlayıb. Şirkət, bu sahədə operator olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən utilizator kimi reyestrə daxil edilib.
Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev sözügedən müəssisədə olub, burada görülən işlərlə yerində tanış olub. Bildirilib ki, bu günə qədər 200-dək nəqliyyat vasitəsinin utilizasiyası həyata keçirilib. Proses zamanı avtomobillərdəki əlvan metallar ayrılaraq təkrar emal olunur və nəticədə alüminium külçələr, latun çubuqlar əldə edilir. Dəmir hissələr isə armatur istehsalında istifadə olunur.
Qeyd edək ki, ölkəmizdə hər il çox sayda nəqliyyat vasitəsi istismar müddətini başa vurur və ya yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür. Statistik məlumatlara əsasən, hazırda ölkə üzrə hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bu səbəbdən, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb və tətbiqi məqsədilə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun şəkildə həyata keçirilən proses çərçivəsində, ötən ilin oktyabr ayından bu günədək 4600-ə yaxın nəqliyyat vasitəsi utilizasiyaya verilib. Eyni zamanda, proqram çərçivəsində indiyə qədər 227 ədəd yerli istehsal olan yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.
Nəqliyyat vasitələrinin utilizasiyası könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.






