Gəncədə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib
Gəncə Dövlət Aqrar Kollecində Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.
Sonra FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması sektorunun müdiri, Mülkü müdafiə işinin aparıcısı Yadigar Bədəlov, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov və digər rəsmi şəxslər çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Ümumdünya Mülki Müdafiə Günü cəmiyyətin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, əhalinin təhlükəsizliyinin təmin olunması və ətraf mühitin qorunması istiqamətində maarifləndirmə işinin gücləndirilməsinə xidmət edir.
Vurğulanıb ki, bu kimi tədbirlər mülki müdafiə sisteminin əhəmiyyətini bir daha diqqətə çatdırmaqla yanaşı, risklərin azaldılması, operativ reaksiya bacarıqlarının inkişaf etdirilməsi və vətəndaşların fövqəladə vəziyyətlər zamanı düzgün davranış vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.






