Gəncədə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək məqsədilə keçirilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, şəhərdə fəaliyyət göstərən universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakıda COP-29 kimi əhəmiyyətli tədbirin keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Şəhər rəhbəri onu da qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir.
İbrahim Cəfərov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən danışıb. O, bugün təşkil olunan Respublika elmi-praktik konfransını məhz COP29-a dəstək məqsədilə təşkil olunduğunu qeyd edib.
Çıxış edən rəsmilər elmi konfransda müzakirə olunan mövzulardan bəhs ediblər. Mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağını vurğulayıblar.
Konfransda müxtəlif mövzuda çıxışlar dinlənilib, müzakirələr aparılıb.