Gəncədə xalça istehsal edən yeni müəssisə fəaliyyətə başlayıb
Türkiyə Respublikasında fəaliyyət göstərən “Parıltı Halı” şirkətinin filialı Gəncə şəhərində xalça istehsalına start verib. Bu addım regionda yüngül sənayenin inkişafına, eyni zamanda yeni iş yerlərinin açılmasına mühüm töhfə verir.
Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev müəssisəyə baş çəkərək istehsal prosesi ilə yerində tanış olub. Şirkət rəhbərliyi tərəfindən bildirilib ki, hazırda müəssisədə 35 nəfər daimi işçi çalışır. “Parıltı Halı” şirkəti müasir texnologiyalarla təchiz olunmuş avadanlıqlarla fəaliyyət göstərir, istehsal etdiyi xalçalar keyfiyyət və dizayn baxımından beynəlxalq standartlara cavab verir. İllik istehsal gücü 800 min kvadratmetr olan müəssisənin məhsulları yerli bazarla yanaşı, xarici bazarlara da çıxarılacaq. Şirkətin 2025-ci ilin sonunadək xalça ixracına başlaması planlaşdırılır.
Qeyd edək ki, bu cür sənaye müəssisələrinin fəaliyyəti həm yerli istehsalın gücləndirilməsi, həm də Gəncənin iqtisadi potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.






