Gəncədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar hazırlıq işləri görülür
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar şəhər ərazisində müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Belə ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən Şəhidlər Xiyabanında genişmiqyaslı təmizlik işləri aparılıb. Şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Əbədi Məşəl Kompleksi və şəhid lövhələri yuyulub, məzarlar və ətraf ərazilər təmizlənib. Təmizlik işləri xiyabanın ətraf hissələrində də davam etdirilib.
Eyni zamanda analoji təmizlik tədbirləri Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidənin ərazisində, habelə İmamzadə Dini Kompleksində də təşkil olunub.
Bununla yanaşı, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhər ərazisində dövlət bayraqları yarıya endiriləcək.






