1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günüdür
01 oktyabr 2026 | 10:09
Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan Prokurorluğunun tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. 1918-ci il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ölkədə prokurorluq orqanlarının əsası qoyulub.
Müstəqilliyin bərpasından sonra prokurorluq orqanlarının fəaliyyətində yeni mərhələ başlayıb. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə prokurorluq vahid mərkəzləşdirilmiş orqan kimi müəyyən edilib, 1999-cu ildə “Prokurorluq haqqında” Qanun qəbul olunaraq qurumun fəaliyyət istiqamətləri hüquqi baxımdan tənzimlənib.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, idarəetmənin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının artırılması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. “Elektron Prokurorluq” informasiya sisteminin yaradılması da bu sahədə aparılan islahatların mühüm nəticələrindəndir.
2020-ci il Vətən müharibəsindən sonra prokurorluq orqanlarının qarşısında yeni vəzifələr müəyyənləşib. İşğaldan azad edilmiş ərazilərdə hüquq və qanunçuluğun təmin edilməsi, prokurorluq orqanlarının fəaliyyətinin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.
Bu əlamətdar gün münasibətilə prokurorluq əməkdaşlarını təbrik edir, onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.






