Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Pandemiya dövründə atılan hər addım, görülən bütün tədbirlər müsbət nəticələrinir

09 avqust 2020 | 16:00

Azərbaycanda aylarla pandemiyaya qarşı aparılan müabrizə müsbət bəhrəsini verməyə başlayıb.  İyulun 16-dan bu günə qədər atılmış hər addım, görülmüş bütün tədbirlər müsbət nəticələnir. Müşahidələrdən də görünür ki,  yoluxanların sayı sağalanların sayından xeyli aşağı düşüb və beləliklə ölkəmiz bu vəziyyətdən az itkilərlə çıxır. Lakin buna baxmayaraq  ölkə rəhbərliyi vəziyyəti hər an nəzarət altında saxlayır.  Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə də  pandemiyaya qarşı mübarizənin müsbət nəticələrinə toxunub. İlham Əliyev müşavirə zamanı bildirib ki, koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. “İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq. Əlbəttə həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi. İqtisadi və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi”.

Pandemiya dövründə sosial dəstək layihələri də  uğurla icra edilməsi istiqamtində işlər görülüb. Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub və olunacaq. Həmçinin,  bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillər veriləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”;

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.  İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə  tədbirlər geniş vüsət alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması da tapşırılıb.

Bundan başqa ölkədə pandemiya dövründə vətəndaşlarımıza ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər edilib, ərzaq payları verilib. Məşğulluq və sosial rifaha dəstək tədbirləri görülüb, 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb. Eyni zamanda işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmələrin verilməyi davam edir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək.

Pandemiya dövründə bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. İqtisadi inkişaf təmin edilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar iqtisadi canlanmanı təmin edilərək, itkilər azaldılacaq. Eyni zamanda sahibkarlara dəstək bundan sonra davam edəcək və daha  şəffaf, mütəşəkkil qaydada göstəriləcək.  

Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir. Həmçinin,  Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir. Xüsusilə dövlət şirkətlərində (qaz, su, elektrik enerjisi və  s.) itkilər aradan qaldırılmalıdır. Dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmalıdır. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalıdır. Həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır.

Prezident İlham Əliyev müşavirə zamanı Karantin tədbirlərinin yumşaldılmasına toxunaraq deyib: “Koronavirusla bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək. Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır. Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər”.

 

 

 

Keçidlər