RUSİYA ERMƏNİSTANIN ƏSAS TƏCHİZATÇISI KİMİ
Prof.Azad Mustafa oğlu Bayramov
Azərbaycan Dövlət Aqrar Universiteti
Gəncə şəhəri
Ermənistan Azərbaycan Respublikasının ərazilərini öz havadarlarının hərbi-siyasi dəstəyi ilə uzun illərdir işğal altında saxlayır. Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistan son illərdə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyur. Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri- şəffaf şəkildə həyata keçirir. Əsasən də “qara bazar” prinsipindən istifadə edərək müxtəlif ölkələr üzərindən Ermənistana silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların ötürülməsi prosesi davam etməkdədir. BMT Adi Silahlar Registrinə alıcı (Ermənistan) və satıcı ölkələrin təqdim etdikləri məlumatlar, eləcə də ortaya çıxan digər faktlar Ermənistanın şəffaf siyasət yürütmədiyini, beynəlxalq təşkilatları aldatdığını sübuta yetirir.
İqtisadi imkanların yetərsizliyinə baxmayaraq, Ermənistanın silahlanma prosesi bu gün 4 istiqamət üzrə inkişaf edir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
– Rusiya tərəfindən hərbi əmlakın təmənnasız bağışlanması
– KTMT (əsasən Rusiyadan aşağı qiymətə satınalmalar) üzvü olan ölkələrdən və digər dövlətlərdən satınalmalar,
– Erməni diasporunun dəstəyi ilə beynəlxalq hesabatlara düşmədən müxtəlif ölkələrdən silah idxalı,
– Yerli istehsal.
Beynəlxalq səviyyədə qəbul görmüş rəsmi istilahla desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə - danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biri Rusiyadır. Və Rusiya Ermənistana silah göndərir. Özü də, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Ermənistanın Rusiyadan silah alması, yaxud Rusiyanın Ermənistana silah verməsi xüsusi mövzudur. Rusiya Ermənistana hansı əsaslarla silah satır? – bəlli deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin mediasında heç bir bilgiyə rast gəlinmir.
İctimaiyyətə də bəlli olduğu kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi hücumu barədə məlumat verib. Dövlət başçımız Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Cənab Prezident Ermənistan silahlı qüvvələrinin sərhəd boyu yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Prezident İlham Əliyev bildirib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Azərbaycan Prezidenti Rusiya Prezidentinin diqqətinə çatıdırıb ki, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra – iyulun 17-sindən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Beləliklə, Rusiyadan Ermənistana iyul ayının 17-dən avqust ayının 4-dək təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan isə silahların özünün hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Təəssüf olsun ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verib. Onu da xatırladım ki, hər üç ölkə respublikamızla yaxın siyasi və iqtisadi münasibətlərdədir; Qazaxıstan ilə Türkmənistan qardaş ölkədir; İranda milyonlarla soydaşımız (öz dədə-baba torpaqlarında) yaşayır… - bütün bunlara baxmayaraq, işğalçı Ermənistana Azərbaycana qarşı istifadə etmək üçün silah-sursat daşınmasına etiraz etməyiblər. Amma Azərbaycan öz tərəfi qonşu və qardaşlarına qarşı dəyanəti dəfələrlə göstərib…
Son günlərdə Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir? – sualına cavab olaraq onu vurğulamaq olar ki,bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir.Hansı ki, bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. – “Hədəf ölkə” haradır? – desək, şübhəsiz ki, söhbət Azərbaycan Respublikasından gedir…
Ermənistan-Rusiya münasibətləri “özünəməxsus” özəlliyə sahibdir. Çünki işğalçı Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra, öz təhlükəsizlik siyasətini Rusiya ilə sıx hərbi-siyasi işbirliyi üzərində qurub; həmin tarix 15 may 1992-ci ildədir. (tairxə diqqət edin: 8 mayda Şuşa, 18 mayda Laçın işğal olunub…) Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda, bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir.
Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində işbirliyini əsasən Rusiya və KTMT-yə üzv ölkələrlə (Belarus, Qazaxstan, Qırğız Respublikası və Tacikstan ilə) inkişaf etdirməyə çalışır. Əslində, Ermənistanın Rusiya ilə hərbi-siyasi işbirliyi inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə işbirliyi yüksək səviyyədə olmayıb. Doğrudur, Ermənistanın əsas silah təminatçısı Rusiyadır, lakin siyahıda başqa dövlətlər də var. Nəzərə alsaq ki heç bir beynəlxalq hüquq norması işğalçıya silah satmağı təsbit və təşviq etmir.
Daha bugünlərdə Ermənistanın Serbiyadan silah alması barədə KİV-lərdə geniş məlumat yayıldı. Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı öncədən hazırladığını göstərən faktlardan biri də budur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların daha da intensivləşdiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.
Azərbaycan cəmiyyətində Serbiyanın hərəkətləri anlaşılmazlıq, birmənalı olmayan reaksiyalar doğurdu. Zatən başqa cür ola da bilməzdi. Həqiqətən də, çətin vəziyyətdə AzərbaycanSerbiyaya həmiş dəstək olub. Bir neçə ay öncə rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi; bundan başqa, Azərbaycan Kosovonun dövlət müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Təbii ki, bu xoşagəlməz faktla bağlı, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi; Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç ölkəsinin Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.
Göründüyü kimi, işğalçı ölkə bütün parametrlərlə sülhdən uzaq davranır; yalnız ənənəvi müttəfiq(lər)ini deyil, bizə dost olan ölkələri də öz çirkin məqsədlərinin gerçəkləşməsi işinə daxil edir. Bununla belə, dövlətimizin çevik reaksiyaları ilə düşmənin iç üzü dünya ictimaiyyətinə, əlaqədar tərəflərə açıq şəkildə göstərilir və adekvat tədbirlər görülür. Heç kəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, Azərbaycan tərəfinin bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə, Azərbaycanın narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir; Azərbaycanla dostluğa xələl gətirməyin də bədəli olduğunu hər kəs bilməlidir.
Prezident İlham Əliyevin Ermənistanın işğalçı siyasətinin, bu ölkənin faşizm idologiyasının daşıyıcısı olmasının ifşası istiqamətində həyata keçirdiyi fəaliyyət erməni yalanlarına bütün dünyada zərbə vurmaqdadır. Bunun nəticəsidir ki, dünya erməniliyinin saxta təbliğatı artıq ayaq üstə dayana bilmir.
Son hərbi əməliyyatların ən mühüm reallığı isə növbəti dəfə Azərbaycanın hərbi üstünlüyünün təsdiqi oldu. Təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdiyi əməliyyatların nəticəsi və keyfiyyəti Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərdi. Müdafiə Nazirliyinin bununla bağlı yaydığı videolardan da ordumuzun düşmənin hərbi təyinatlı bütün məntəqələrini, atəş nöqtələrini, qərargah və dayaq məntəqələrini, hərbi texnikalarını son dərəcə sərrast və dəqiq zərbələrlə darmadağın etdiyi aydın görünür.
Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat barədə danışan Prezident İlham Əliyevin dediyi kimi: "Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarca erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.
Düşmən saxta informasiyaları dövriyyəyə buraxdığı kimi, ölən hərbçilərinin sayını da cidd-cəhdlə gizlədir. Aprel döyüşlərində də belə idi və tədricən erməni ordusunun saysız-hesabsız itki verdiyi üzə çıxdı. Tovuz istiqamətində Azərbaycan Ordusunun zərbələri göstərir ki, onlarca erməni əsgəri məhv edilib.
Onu da qeyd edək ki, Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahlara sahib olması və döyüşlərdə bundan istifadə edərək düşmənə ağır zərbələr vurması Ermənistan tərəfində daim dərin təlaş və narahatlıq yaradıb. Təsadüfi deyil ki, Ermənistan tərəfinin bununla bağlı açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan dəfələrlə inciklik ifadə olunur.
Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı şübhəsizdir. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.
Bütövlükdə, Tovuz döyüşləri Azərbaycanın hərbi üstünlüyünün növbəti təsdiqi oldu. Bu hadisə həm də Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin qaçılmaz olduğunu nümayiş etdirdi.