Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 10-cu ildönümü Gəncədə böyük ehtiramla yad edildi
Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar öndərimizin Gəncənin Baş meydanındakı əzəmətli heykəli sakinlərin müqəddəs ziyarətgahına çevrilmişdir.
Hələ səhər saatlarından yağan qara baxmayaraq, əllərində qərənfil, gül dəstələri tutmuş sakinlər ulu öndərə böyük ehtiram və məhəbbətlərini ifadə etməyə can atırdılar. Gəncənin bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, özəl bölmənin işçiləri, sadə vətəndaşlar anım mərasimində iştirak etməyə tələsirdilər. Ardı-arası kəsilməyən ziyarətçi axını ulu öndərin öz xalqı tərəfindən sevildiyinin, xatirəsinin nə qədər əziz tutulduğunun göstəricisi olmaqla yanaşı, gəncəlilər üçün necə böyük dəyər daşıdığının da nümunəsidir.
Əvvəlcə Dövlət Himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və rəsmilər ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub dahi şəxsiyyətin ruhuna ehtiramlarını ifadə etdilər.
İcra başçısı Elmar Vəliyev bildirdi ki, artıq 10 ildir ulu öndər cismən Azərbaycan xalqından ayrılıb, lakin mənən bizimlədir və əbədi olaraq da bizimlə qalacaqdır. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Heydər Əliyev sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azəbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra insanlar cərgələrə düzülərək ulu öndərin abidəsini ziyarət etdilər və xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər. Şəhərin Baş meydanında quraşdırılan böyük monitorda dünya şöhrətli insanın həyatından bəhs edən film nümayiş etdirildi.
Ziyarət axşam saatlarına kimi davam etdi.
Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü Gəncə şəhərində silsilə tədbirlərlə müşayiət olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə açılan ehsan süfrəsində öncə ulu öndərin ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib. Ehsan süfrəsində 400 nəfərdən çox şəhər sakini iştirak edib.