Gəncədə pandemiya dövrü ilə əlaqədar obyektlərin monitorinqi davam edir
Gəncənin ərazisində COVİD -19 pandemiyasının qarşısının alınması məqsədilə mütamadi olaraq monitorinqlər keçirilir. Karantin rejimi yumşaldıqdan və bəzi obyektlərin fəaliyyətinə icazə verildikdən sonra həmin obyektlərdə karantin rejimi qaydalarına əməl olunması ilə bağlı reydlər davam etməkdədir. Belə ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən reydlərdə sahibkarlara və məsul şəxslərə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunması, ara məsafənin qorunması, tibbi-gigiyenik vasitələrdən istifadə edilməsi barədə ciddi xəbərdarlıqlar edilir.
Bu gündə ənənəvi olaraq mobil qrupun üzvləri şəhərin müxtəlif ərazilərində reydlər keçiriblər. Onlar şəhərdə fəaliyyət göstərən ticarət obyektləri, ərzaq mağazaları, marketlərə baş çəkiblər. Burada çalışan işçilərlə pandemiya şəraitində tətbiq olunan qaydalara riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparıblar. Eyni zamanda açıq havada fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyektlərində ara məsafənin qorunması və gigiyenik qaydalara əməl olunması barədə obyekt sahiblərinə xəbərdarlıq ediblər.
Əlavə olaraq mobil qrup üzvləri mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlar və ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə də söhbətlər apararaq onlara karantin rejiminin tələblərinə əməl etməyi, sanitar-gigiyenik normalararın qorunmasının vacibliyini xatırladıblar.
Qeyd edək ki, Gəncədə bu cür kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.