Gəncənin icra başçısı vətəndaşları onlayn qaydada qəbul edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlayn qaydada vətəndaş qəbulu keçirib. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Qəbula yazılan vətəndaşların səsləndirdikləri müraciətlər işlə təmin olunma, mənzil şəraitinin yaxşılaşdırılması, torpaq sahəsinin hasarlanması və mətbəx tikintisinə icazə verilməsi, fərdi evin sənədləşdirilməsi və digər məsələlərdən ibarət olub.
Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiattı qurumlar üzrə yönləndirilib. Eyni zamanda, Niyazi Bayramov vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.
Sonda Niyazi Bayramov vətəndaşlara müraciət edərək Gəncənin sərt karantin rejimindən çıxmasına baxmayaraq Operativ Qərargahın tapşırıqlarına riayət etmələrini bir daha xatırladıb. Sağlamlıqlarını qorumaq üçün özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını və şəxsi gigyenik qaydalara əməl etmələrini tövsiyə edib.