Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Avropa Gənclər Paytaxti 2016” müsabiqəsinin qalibi olan Gəncədə ilk beynəlxalq tədbir keçirildi

15 dekabr 2013 | 16:00

Polşa, Rumınıya, İtaliya, Ukrayna, Gürcüstan, İspaniya, Niderland, Bolqarıstan və Türkiyədən 65 nəfər gəncin iştirak etdiyi toplantını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycanın bu qədim şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsinə dəstək olan şirkətlərə və ölkələrə minnətdarlıq etmiş, 2016-cı ilə qədər görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Avropa Gənclər Şurasının üzvü və eksperti Bartalameo Rufi gəncləri təbrik edərək bildirdi ki, Gəncənin qazandığı bu qələbə həm də onunla əlamətdardır ki, ilk dəfə Avropa Birliyinin üzvü olmayan bir ölkə qalib adını qazanır. Gəncə region üçün bir model ola biləcəkdir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov çıxış edərək 2009-cu ildə Avropa Gənclər Fondu tərəfindən yaradılan bu quruma Niderlandın Rotterdam, İtaliyanın Turin, Belçikanın Antverp, Portuqliyanın Braqa, Sloveniyanın Maribor, Yunanıstanın Saloniki və Rumınıyanın Cluj Napoca şəhərlərindən sonra Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsini bütün Azərbaycan gənclərinin qələbəsi kimi dəyərləndirmiş və bildirmişdir ki, Gəncə müsabiqənin tarixində ilk dəfə olaraq Qafqaz regionundan yeganə şəhər kimi qalib adını almışdır.

Tədbirdə o da vurğulanmışdır ki, Azərbaycan gənclərinin bu qələbəsi ölkə başçısının gənclər siyasəti ilə bağlı həyata keçirdiyi tədbirlərin müsbət nəticəsidir. Gənclərə daim dəstək olan, onların ictimai fəallığının artırılması sahəsində uğurlu addımlar atan Respublika Prezidenti İlham Əliyevə minnətdarlıq edən tədbir iştirakçıları müsabiqə zamanı həm də ölkələrin potensialına diqqət yetirildiyini qeyd etmişlər.

Sonra Avropa Gənclər Paytaxtı seçilən Gəncədə 2016-cı ilədək görüləcək işlərlə əlaqədar Təşkilat komitəsi yaradılması qərara alınmış və tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən gənclərlə birgə həyata keçiriləcək təhsil, məşğulluq, könüllülük, sosial rifah və sair məsələlərlə bağlı iştirakçıların arzu və təklifləri dinlənilmişdir.
Avropa ölkələrini təmsil edən gənclər çıxış edərək Qafqazda ilk dəfə Azərbaycan şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsini əlamətdar hadisə adlandırmış və bunu Avropa gəncləri ilə Azərbaycan gəncləri arasında yeni əlaqələrin yaradılmasında, eləcə də əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət oynayacağını qeyd etmişlər.
Tədbir çərçivəsində Avropa ölkələrinin gəncləri Gəncənin görməli yerlərini gəzəcək, tarixi abidələrə baxacaq və bir sıra tədbirlərdə iştirak edəcəklər.

Keçidlər