Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Cenevrədə təşkil edilən birinci Merlər Forumunda iştirak edib

07 oktyabr 2020 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən birinci Merlər Forumunda iştirak edib.

BMT-nin Avropa İqtisadi Komissiyasının ötən ilin aprel ayında baş tutan 68-ci ali iclası çərçivəsində keçirilən “Şəhərlər Günü” təşəbbüsünün davamı olaraq hər il Merlər Forumunun təşkil edilməsinə dair də qərar qəbul edilib. “Covid-19” pandemiyası ilə əlaqədar olaraq, bu il baş tutan Merlər Forumu hibrid formatda təşkil edilib. Foruma Avropa İqtisadi Komissiyasının regionunda yerləşən 56 üzv dövlətin müxtəlif şəhərlərindən 30-dan çox mer qatılıb.

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən birinci Merlər Forumunda ölkəmizi Gəncə şəhərinin İcra başçısı Niyazi Bayramov təmsil edib. Tədbirə virtual formatda qatılan icra başçısı Gəncə şəhərinin sosial iqtisadi inkişafından və “Covid-19” pandemiyası müddətində görülən tədbirlərdən danışıb. O, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin yeni əldə etdiyi uğurundan söhbət açaraq, bildirdi ki, Gəncə şəhəri 64 ölkədən 230 şəhərin yer aldığı UNESCO-nun həyatboyu təhsil üzrə mühüm layihələrindən biri olan “Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkə”nin üzvü seçilib. Layihənin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək və təhsilin keyfiyyətini artırmaqdır.

Niyazi Bayramov bu il Gəncə əhalisinin faydalanacağı yeni təkmilləşdirmələrlə bağlı Gəncə şəhəri ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında birgə fəaliyyətə dair razılıq əldə edildiyini qeyd edərək, şəhərin Avropa Yenidənqurma və İnkişaf Bankının Yaşıl şəhərlər dayanıqlıq proqramına qoşulduğunu və bununla bağlı ikitərəfli memorandum imzalandığını bildirib. 

Həmin proqramın tərkib hissəsi kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə dəstək göstərəcəkdir. Niyazi Bayramov, həmçinin əlavə edib ki, bu il Gəncə şəhərinin yeni Baş planının hazırlanması prosesinə də başlanılıb.

Qeyd edək ki, BMT çərçivəsində Merlər Forumun təşkil edilməsində əsas məqsəd dayanıqlı inkişaf və 2030 Gündəliyinə nail olunması üçün şəhərlərin üzərinə düşən məsuliyyətə diqqəti cəlb etmək, bununla da müxtəlif şəhərlərin rəhbərlərini əməkdaşlığa dəvət etməkdir.

Tədbirin sonunda, merlərin Cenevrə Bəyənnaməsi qəbul edilib. Qəbul edilən bu iddialı sənəd yerli hakimiyyət orqanları tərəfindən yaxın müddət ərzində iqlim dəyişikliyi, şəhərin ağac və meşələri, dayanıqlı enerji və nəqliyyat, əlverişli və adekvat mənzil təminatı da daxil olmaqla, şəhərlərin dayanıqlılığını təmin etməsinin həyata keçirilməsi üçün konkret addımlar planını özündə ehtiva edir.

Keçidlər