Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İlham Əliyev: “Biz nəyi, necə, nə zaman edəcəyimiz çox yaxşı bilirik”

12 oktyabr 2020 | 16:00

Artıq 30 ildən çoxdur ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam etməkdədir. 1994-cü ildən atəşkəs haqqında razılıq əldə edilsə də, düşmən zaman-zaman öz məkrli niyyətindən əl çəkməmiş, ordumuzun mövqelərini atəşə tutmuş, lakin düşmənin bütün həmlələri anındaca lazımı şəkildə cavablandırılmışdır.

Beynəlxalq səviyyədə cəzasızlıqdan arxayınlaşan düşmən 2016-cı ilin aprelində yeni xülyalara düşmüş, buna baxmayaraq, Azərbaycanın güclü ordusu tərəfindən layiqli cavabını almışdır. Nəticədə Azərbaycan bayrağı Lələ təpə yüksəkliyində dalğalanmağa başladı. Azğın düşmən bu məğlubiyyətlə barışmayaraq, növbəti  dəfə hücum etmək, itirilmiş əraziləri geri qaytarmaq niyyətinə düşmüş, bu dəfə isə cari ilin iyun ayında cəbhə bölgəsindən kənar, regionun və Avropanın enerji təhlükəsizliyini təmin edən Bakı – Tbilisi – Ceyhan neft boru kəmərinin keçdiyi Tovuz rayonunu hədəf seçmişdir. Təbii ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və əmri ilə milli ordumuz lazimi hərbi tədbirlər gördü və düşmən biyabırçı şəkildə geri çəkilmək məcburiyyətində qaldı. Ardıyca avqust ayında Ermənistanın ölkəmizə diversant qrupu göndərməsi, onların içüzünü bir daha açmış oldu.

Sentyabrın 27-si... Düşmən cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçməyə cəhd etdi, sadəcə ordumuzun mövgelərini deyil, həmçinin dinc əhalini hədəf aldı. Düşmənin məkrli planından xəbərdar olan rəşadətli ordumuz gecikmədən düşməni yerində oturtdu və 30 ildən artıqdır ki, düşmən tapdağında olan torplaqlarımızın işğaldan azad edilməsi istiqamətində genişhəcmli hücum əməliyyatına başladı.

Xalq arasında “Vətən müharibəsi” adını alan bu hərbi əməliyyatların ilk günündə düşməndən Cəbrayıl və Füzuli rayonun bir neçə kəndi azad edildi, mühüm yüksəkliklər ələ alındı. Ardıyca Murovun fəthi, Cəbrayıl rayonunun böyük hissəsinin, Dağlıq Qarabağda Ağdərə rayonunun  Suqovuşan qəsəbəsinin düşməndən azad edilməsi - əldə olunan bütün hərbi uğurlar düşmən cəbhəsini xaosa saldı. Ermənistan silahlı qüvvələrinin kifayət qədər yüksək rütbəli zabitlərinin, hərbi texnikaların, sığınacaqların dəqiq nişanla məhv edilməsi düşmənin öz ənənəvi xislətinə bürünüb, dünya ölkələrinə yalvarışa başlamasına gətirib çıxardı. Artıq rəsmi Bakı hər-hansı status-kvodan, təmas xəttindən danışmır, öz diqtəsi ilə düşməni sülhə vadar edir. Belə ki, hərbi müstəvidə əldə olunan uğur, bu gün danışıqlar masasında diplomatik yolla davam etdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyev xalqa müraciətində açıq şəkildə bildirdi ki, düşmən dəqiq cədvəl təqdim etməli və hansı vaxtda hansı rayondan çıxacağını bildirməlidir. Əks təqdirdə, Azərbaycan heç bir zaman imitasiya xarakterli danışıqlarda yer almayacaq, artıq məğlub olmuş düşməni hərbi yolla döyüş meydanın birdəfəlik məhv edəcəkdir.

İşğalçı Ermənistan və  bütün dünya ölkələri Azərbaycan xalqının, əsgərinin əzmini gördü. Xalq – rəhbər vəhdətinin nümunəsi olaraq, qədirbilən xalqımız öz Ali Baş Komandanının yanında yer aldı və onun bütün qərarlarına sadiqdir. Rəsmi Bakı da beynəlxalq hüquqa, norma və prinsiplərə hər zaman hörmətlə yanaşıb, özünün humanist və haqlı mövgeyi ilə seçilib. Hərbi əməliyyatları  döyüş meydanında aparan ölkəmiz, dinc əhalini heç vaxt hədəf almamış, əksinə, erməni qadınlarına müraciət edilərək, oğlanlarını Dağlıq Qarabağa göndərməmək tövsiyyə olunmuşdur. Düşmənə bu şans bir daha verildi. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyev 9 oktyabr tarixində Azərbaycan xalqına etdiyi müraciətində deyir: “İşğalçıya sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlardan.” Bəli, işğalçıya bu şans “humanitar atəşkəs” adı altında bir daha verildi və qarşıdakı günlər çox kritik zaman kəsimidir. Səngərdəki düşmən əsgərinin qaldırdığı ağ bayrağı rəsmi İrəvan da qaldırmalı, ona verilən bu tarixi fürsətdən yararlanmalı və Azərbaycan torpaqlarından birmənalı çıxmalıdır. Əks təqdirdə, “...biz nəyi, necə, nə zaman edəcəyimiz çox yaxşı bilirik və atəşkəs sülh demək deyil”.

Keçidlər