Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan həmişə sülh planına sadiq olub

05 noyabr 2020 | 16:00

30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal altındadır. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsindən tutmuş müxtəlif beynəlxalq təsisatlara qədər, bütün sivil dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini dəfələrlə rəsmi hüquqi sənədlərdə açıq mətnlə təsbit edib. Bütün bunlara baxmayaraq, Ermənistan hər zaman beynəlxalq müqavilələrdən irəli gələn və üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğu halda bunu icra etməkdən boyun qaçırıb. Bu azmış kimi işğalçı dövlət davamlı və məqsədyönlü şəkildə Azərbaycana qarşı təxribatlar törədib.

Məlum olduğu kimi, bu il birinci hərbi təxribat iyul ayında törədildi. Həmin vaxt işğalçı siyasət yürüdən dövlətin silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhəddinə hücum etdilər. Nəticədə Azərbaycan həm mülki şəxsər və həm də hərbi qulluqçular arasında itikələr verdi. İkinci hərbi təxribat avqust ayında baş verdi ki, bu zaman da Ermənistan tərəfindən qətllər törətmək üçün diversiya qrupu Azərbaycana göndərilmişdi. Üçüncü hərbi təxribat isə sentyabrın 27-də törədildi. Bu zaman erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriyadan atəşə tutdu. Bu təxribata cavab olaraq  Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əks-hücum əməliyyatlarına - torpaqlarımızın azad olunması uğrunda mübarizəyə başladı. Həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində işğal altındakı bir sıra kəndlərimiz və strateji yüksəkliklər düşməndən azad edildi. 

Cəbhədə şiddətli döyüşlərin getdiyi bir vaxtda Ermənistan dövləti təcavüzkar siyasətinə sadiq qalmağa davam edir. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla cəbhə bölgəsi və oradan uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, tarixi-mədəni binaları və strateji əhəmiyyətli digər obyektləri ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə etməklə intensiv şəkildə atəşə tutur.

Bununla belə Azərbaycan həmişə sülh planına sadiq olub. Əks-hücum əməliyyatları başlayandan bu günədək Azərbaycanın 3 dəfə humanitar atəşkəsə razılıq verməsi bunun bariz nümunələrindən biridir. Bu fakt Azərbaycanın hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Azərbaycan atəşin dayandırılmasının tərəfdarı olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olduğunu göstərir. Bu zaman ərzində elan edilən hər üç humnaitar ətəşkəsi Ermənistan tərəfi kobud şəkildə pozub. Qeyd etmək yerinə düşər ki, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.

Əslində Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışları vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən başqa bir şey deyildi. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları onu göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Bu məsələdə onlara gözəgörünən və pərdə arxasında qalan havadarları da dəstək verib. İlkin hesablamaya görə Azərbaycanın son bir ayda məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollar dəyərindədir. Dövlət büdcəsi 2 milyard dollardan az olan, xarici borcu 8 milyard dollar təşkil edən Ermənistan kimi kasıb ölkənin bu qədəq silah-sursatı hardandır? Bu sual hələ də cavabsız qalır...

Bununla belə hər kəs bilməlidir ki, Ordumuzun əzmi və şücaəti qarşısında duruş gətirə bilməyən və mülki əhalini hədəf alan Ermənistandan fərqli olaraq, Azərbaycan düşmənin cavabını döyüş meydanında verir. Azərbaycanın kifayət qədər müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycan Ordusunun döyüşçüləri işğal altında olan şəhərləri, kəndləri bir-birinin ardınca azad edir və milli bayrağımızı orada ucaldır. Bizim işimiz haqq işidir! Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk, bizə aid olanı geri alırıq və alacağıq!   

Keçidlər