Hakan Çavuşoğlu Gəncədə
Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 14-də Gəncəyə gəlib. Nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.
Nümayəndə heyətinə məlumat verilib ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Nəticədə 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 26 dinc sakin həlak olub, 120-dan çox insan yaralanıb.
Həmçinin bildirilib ki, belə müharibə cinayətlərindən biri də Bərdədə törədilib. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.