Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə məcburi köçkünlər üçün tikilmiş kompleks istifadəyə verildi

25 dekabr 2013 | 16:00

Dekabrın 24-də Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na, həmin proqrama 2011-ci il 21 fevral tarixli Sərəncamla təsdiq olunmuş Əlavələrə əsasən Gəncə şəhərində tikilmiş 1500 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış kompleksi istifadəyə verilmişdir.Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və başqaları iştirak etmişlər.25 hektar ərazini əhatə edən yeni kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 nəfər məcburi köçkün köçürüləcəkdir.İnşa edilmiş 1500 mənzilin ümumi yaşayış sahəsi 115 min 380 kvadratmetrdir. Mənzillərdən 150-si birotaqlı, 650-si ikiotaqlı, 550-si üçotaqlı, 150-si isə dördotaqlıdır. Kompleksin ərazisində 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, 500 yerlik Mədəniyyət Sarayı, Kəlbəcər Rayon İcra Hakimiyyəti üçün inzibati bina, tibb məntəqəsi, ATS tikilmişdir.

Qeyd olunmuşdur ki, kompleksin tikintisinə 2013-cü ilin martında başlanmış, sentyabrında başa çatdırılmışdır.
Mərasim iştirakçıları əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında olmuşlar. Onlar binanın foyesində ümummilli lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlərə baxmış, iş otaqlarında və akt zalında yaradılmış şəraitlə maraqlanmışlar.
Sonra 1200 yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanışlıq olmuşdur. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğılarını əks etdirən stendlər quraşdırılmış, kompleksin maketi qoyulmuşdur. Məktəblə tanışlıq zamanı bildirilmişdir ki, müasir avadanlıqla təmin edilmiş bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Məktəbin kompyuter otağı, laboratoriyası, sinif otaqları və idman zalı da müasir standartlara cavab verir.
Tədbir iştirakçıları Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılmış şəraitlə tanış olmuşlar. Üç otaqdan ibarət mənzildə ailənin rahatlığı üçün hər cür şərait yaradılmışdır. O.Məmmədova məcburi köçkünlər üçün bu cür gözəl şəraiti yaratdığına və onlara göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Sonra mərasim iştirakçıları Mədəniyyət Sarayında olmuşlar. Mədəniyyət Sarayı 500 tamaşaçı yerlik salon ən müasir işıqlandırma və səs sistemi ilə təchiz olunmuşdur.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Vurğulanmışdır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilmiş, onların sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni kompleksdə yaradılan şərait onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti nəticəsində Azərbaycan inkişaf edərək dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Təsadüfi deyildir ki, bu gün regionda Azərbaycanın razılığı olmadan heç bir layihə reallaşdırılmır. Bütün bu uğurların təməlində Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətinə olan sadiqliyi dayanır. Bu gün hər bir azərbaycanlı qısa müddətdə böyük inkişaf yolu keçmiş ölkəmizlə, bu uğurlu siyasəti həyata keçirən Prezidenti ilə fəxr edir.
Komitə sədri Gəncə şəhərində istifadəyə verilən bu kompleksin son 20 ildə tikilmiş ən böyük kompleks olduğunu diqqətə çatdırmışdır. Ümumilikdə 1993-2013-cü illər ərzində bu tipli 82 qəsəbənin salındığını deyən Əli Həsənov qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə bu müddət ərzində dövlət tərəfindən 4,3 milyard manat həcmində vəsaitin sərf olunduğunu qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, indiyədək Azərbaycan hökuməti tərəfindən 40 min ailənin və ya 180 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır.
Otuz nömrəli məktəbin müəllimi Şəlalə Məmmədova tədbirdə çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə məcburi köçkünlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər