Gəncədə koronavirusla kompleks tədbirlər davam etdirilir
Gəncədə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Bu gün şəhərdə gücləndirilmiş dezinfeksiya işləri də baş tutub. Bununla yanaşı Gəncə Şəhər İcra Hakimiyyəti yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları həftə içi bir neçə dəfə maarifləndirici reydlər keçiriblər.
Həyata keçirilən kompleks tədbirlər çərçivəsində Gəncənin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində gücləndirilmiş dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar.
Gəncənin əsas küçə və prospektləri su çiləyici avtomobillər vasitəsi ilə xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, habelə yaşayış binalarında, həyət və yaşayış məhəllələrində tibbi-profilaktiki işlər görülüb. Erməni terroru nəticəsində ziyan görmüş sakinlərin müvəqqəti məskunlaşdığı yataqxanada da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Mütəmadi olaraq keçirilən maarifləndirici reydlər zamanı mobil qrupların üzvləri iri market, mağaza və apteklərə baş çəkir, bazarlarda olurlar. Onlar sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanır, satıcı və alıcılarla profilaktik söhbət aparırlar.
Reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi vurğulanır. Bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı 2 metrlik sosial məsafəsinin gözlənilməsinin vacibliyi xatırladılır.
İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə söhbət zamanı tibbi maskalardan, həmçinin ictimai nəqliyyat vasitələrində quraşdırılmış dezinfeksiyaedici avadanlıqlardan istifadənin zəruriliyi vurğulanır.
Maarifləndirici reyd və dezinfeksiya işlərinin həyata keçirilməsinə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları yaxından dəstək göstərirlər.
Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər və dezinfeksiya işləri bundan sonra da davam etdiriləcək.