“Gəncə Avropa Gənclər Paytaxtı – 2016” layihəsinin təqdimat mərasimi keçirildi
Təqdimat mərasimini giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev respublikamızda ikinci ən böyük şəhər olan qədim Gəncənin bu mötəbər müsabiqədə qalib gələrək 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilməsini nəinki Gəncənin, eləcə də Azərbaycanın tarixində əlamətdar hadisə adlandırmışdır. Qeyd etmişdir ki, 2013-cü ilin yanvar ayında yarışmaya qoşulan və aprel ayında ilk 6-lığa düşən gəncəli gənclər oktyabr ayınadək davam edən müsabiqənin tarixində ilk olaraq Avropa Birliyinin üzvü olmadan və eyni zamanda Qafqaz regionunda ilk dəfə olaraq birinci yerə çıxmış, 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilmişdir.
Sonra Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov, millət vəkilləri Musa Quliyev, Asəf Hacıyev, Rauf Əliyev, Ceyhun Osmanlı, Xanlar Fətiyev, İlham Məmmədli, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayil Zeynalov və başqaları çıxış edərək ölkə başçısı İlham Əliyevin gənclərə və onların inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış və qeyd etmişlər ki, bu gün Azərbaycan gənclərinin səsi Avropadan gəlirsə, nəinki paytaxt Bakı, eləcə də Gəncə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edirsə, butün bunlar Azərbaycanda aparılan gənclər siyasətinin məntiqi nəticəsidir.
Mərasimdə 2016-cı ilədək görüləcək işlərlə bağlı video tədbirlər planı təqdim olunmuş və onun ətrafında fikir mübadiləsi aparılmışdır.