Niyazi Bayramov Vətən müharibəsi iştirakçılarını ziyarət edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi iştirakçılarını ziyarət edib. Şəhər rəhbəri müavinləri və bir neçə ziyalı ilə birlikdə qazi Mətin Abdinov və Turqut Ələkbərova baş çəkib.
Niyazi Bayramov, qazanılan tarixi qələbə münasibətilə qaziləri təbrik edib, onlara şəfa diləyib. Şəhər rəhbəri qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı. Qazanılan qələbədə Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqının da payı böyükdür. Ordu ilə birləşən xalq öz tarixini möhtəşəm qələbə ilə şərəfləndirdi, tarixi ədalət bərpa edildi.
Söhbət zamanı qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər.
Baş Leytenant Mətin Abdinov Vətən müharibəsinin başladığı ilk gündən cəbhənin ən qaynar nöqtələrində döyüş tapşırıqlarını yerinə yetirib. O, Füzuli, Zəngilən, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. İki dəfə yaralanıb. İlk dəfə oktyabrın 19-da yaralanan Mətin Abdinov döyüş meydanını tərk etməkdən imtina edib. İkinci dəfə o Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb. Evlidir, iki övladı var.
Qazi Turqut Ələkbərov da Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək. Bir neçə düşmən postunun alınması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. O, döyüş meydanını aldığı qəlpə yaraları səbəbilə tərk etməli olub. 22 yaşı var. Ailəlidir.
Niyazi Bayramov şəhid ailələri, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışıb. O, bildirib ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar Onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər.
Qazilərin problemlər və istəkləri ilə maraqlanan şəhər rəbəri Baş Leytenant Mətin Abdinovun övladının müalicəsi və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verib.
Qazilər göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.