Gəncədə "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsinin icrasına başlanılıb
"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Gəncədəki şəhid və qazi ailələrinə sovqatların çatdırılmasına başlanılıb. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) nümayəndələri ilə birlikdə şəhid ailələrini ziyarət ediblər.
Rəsmillər və türkiyəli qonaqlar Vətən müharibəsində şəhid olan Canlar Cavadov, Zərbəli Qafarov, Röyal Cəfərov və Məhrab Əliyevin ailəsinə baş çəkiblər. Söhbət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib. “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ehtiyaclarını ödəyəcək sovqatlar şəhid ailələrinə təqdim olunub.
"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi tərəfindən həyata keçirilir.
Əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qardaşlıq siyasətinə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın irimiqyaslı sosial siyasətinə dəstək verməkdən ibarətdir.
"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Gəncədəki bütün şəhid və qazi ailələrini əhatə edəcək.