İlham Əliyev: “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər
Qısa tarix: ATƏT-in Minsk qrupunun tarixi 1992-ci ildən başlayır. Həmin ilin 24 martında ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündə ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilir. 1994-cü ilin dekabrında ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edir.
Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir və ya hazırki reallığa uyğun desək - kömək etmək olub.
Yaxın keçmişə nəzər salsaq görərik ki, 10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər. Azərbaycan da həmin bəyannaməni dəstəkləmişdi, lakin müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar verməyə başladılar. Buradan da o aydın olur ki, münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edirdi.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərini qəbul etdi. Həmin vaxt ölkə başçısı bir daha bildirdi ki, 28 il ərzində müvafiq mandata sahib olan Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb: “Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə vermədi”.
Aydın məsələdir ki, beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistana işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə, ciddi sanksiyalar tətbiq edə bilərdi. Lakin bunların heç biri olmadı. İşğal etdiyi ərazilərin kiçik hissəsindən belə çıxması üçün Ermənistana təzyiq göstərilmədi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər il ərzində münaqişə sülh yolu ilə öz həllini tapmadı.
Prezident İlham Əliyev də dediyi kimi, bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər: “Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik”.
ATƏT-in Minsk qrupu həmsərdlərinin Azərbaycana sonuncu səfərindən sonra, yəni ötən son bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişib. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.
Regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyətin yarandığını ATƏT-in Minsk qrupunun həmsədrləri də etiraf edirlər. Əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək olan Minsk qrupunun gələcək mandatı isə şübhəlidir və tamailə Azərbaycandan asılıdır.
Gülnar Fazilqızı – “Ganjanews.az” saytının baş redaktoru