Gəncə şəhərində 16 və 25 saylı məktəblərin açılışı oldu.
Gəncədəki 16 və 25 saylı məktəblərin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olmuşdu. Аçılış mərasimlərində qeyd edilmişdir ki, 640 yerlik 25 saylı orta məktəb, demək olar ki, əsaslı şəkildə yenidən qurulmuşdur. 840 yerlik olan 16 saylı orta məktəb üçün isə yeni tədris korpusu inşa edilmişdir ki, bu da əlavə olaraq 500 uşağın təhsil almasına imkan verəcəkdir. Hər iki məktəbin açılışında təhsil naziri Mikayıl Cabbarov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan təhsilinin inkişafı və dünya standartlarına yaxınlaşması istiqamətində həyata keçirilən islahatların müsbət nəticələrindən danışmış və pedaqoji kollektivlərə işlərində uğurlar arzulamışlar. Təhsil naziri Mikayıl Cabbarov onu da xüsusi olaraq qeyd etmişdir ki, məktəblərin çox yüksək səviyyədə maddi-texniki təchizatı vardır. M.Cabbarov hər iki məktəbə iki ədəd elektron lövhə, noutbuk və proyektor hədiyyə etmişdi. Məktəb kollektivlərinin üzvləri çıxış edərək onlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.
Şəhərin Baş meydanında gənclərin iştirakı ilə keçirilən flashmob həmin günün yüksəksəviyyəli özəlliyinə gözəl bir rəng qatmışdı.