Gəncə dairəvi yolun və dəmiryol vağzalının açılışı oldu
Bakı-Ələt-Qazax magistral yolunun 344-cü kilometrliyində uzunluğu 38 kilometr olan Gəncə dairəvi yolunun və Gəncə dəmiryol vağzalının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur.
Nəqliyyat naziri Ziya Məmmədovun və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin iştirak etdikləri tədbirlər dairəvi yolun açılışı ilə başlamışdır. Açılış mərasimində qeyd edilmişdir ki, yol 4 hərəkət zolağından ibarətdir və tikinti işlərini İtaliyanın “İmpressa” şirkəti ilə Koreyanın «Ultra Azerno» firması həyata keçirmişlər. Mövcud iki hərəkət zolağının qurulmasına 2007-ci ilin mart ayında, digər 2 hərəkət zolağının tikintisinə isə 2009-cu ildə başlanılmışdır. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılmış, eyni zamanda zəruri ərazilərdə işıqlandırma sistemi yaradılmışdır. Asiya İnkişaf Bankının və Koreyanın “Şinhan” Bankı tərəfindən maliyyələşdirilən yolun bir üstünlüyü də ondadır ki, avtomobillər Gəncə şəhərinə daxil olmadan dairəvi yolla Qazax istiqamətinə çıxmaq imkanı əldə etmişlər.
Nəqliyyat naziri Ziya Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yolun açılmasını bildirən lenti kəsdikdən sonra avtomaşınlar yüksək keyfiyyətlə və müasir standartlara cavab verən yoldan hərəkət etməyə başlamışlar.
Gəncə dəmiryol vağzalının əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olmuşdur. Mərasimdən əvvəl nəqliyyat naziri Ziya Məmmədov dəmiryolçularla görüşmüş, onların arzu və təkliflərini dinləmişdir. Nazir qeyd etmişdir ki, həm Gəncə dairəvi yolun, həm də dəmiryol vağzalının əsaslı təmiri və yenidən qurulması ölkə başçısının nəqliyyat işçilərinin qarşısına qoyduğu tələblərə uyğun həyata keçirilmişdir. Hazırda ölkənin nəqliyyat sistemində böyük infrastruktur yenilikləri sürətlə davam etdirilir. İstər avtomobil yollarının, istərsə də dəmir yollarının yeniləşdirilməsi istiqamətində kompleks layihələr həyata keçirilir ki, bütün bunlar da ölkə başçısının tam nəzarətindədir.
Rəmzi lent kəsildikdən sonra nəqliyyat naziri Ziya Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vağzalda yaradılan şəraitlə yaxından tanış olmuşlar.