Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalır
Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalır. 21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunun imzalanması bunu deməyə əsas verir.
Hələ bir neçə il əvvəl Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin formalaşmasına öz müsbət təsirini göstərmişdi. Belə ki, imzalanmış bu Konvensiya çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün yeni imkanlar demək idi.
Bu gün Türkmənistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Xəzər mövzusunda qarşılıqlı fəaliyyət isə qurulan əməkdaşlığının ən mühüm istiqamətidir.
Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib. Bu əməkdaşlıq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırmaqla yanaşı, həmçinin sözügedən su hövzəsinin qorunmasına xidmət edəcək.
Dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işlərin aparılması uğurun təminatıdır. Bu səbəbdən əməkdaşlığın davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisə hesab olunmalıdır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan və Türkmənistan arasında mövcud əlaqələr müsbət dinamika ilə inkişaf edir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb.
21 yanvar tarixində imzalanmış saziş isə Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq.