Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Nizami Gəncəvi ili”nə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

23 fevral 2021 | 16:00

4-7 iyun 2021-ci il tarixlərində Gəncədə “III İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” keçiriləcək. Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq konfrans “Nizami Gəncəvi və Davamlı İnkişaf” mövzusunda təşkil olunacaq. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, “PAŞA Holdinq” şirkətlər qrupunun baş sponsorluğu ilə reallaşcaq elmi konfransın təşkilat komitəsinin ilk iclası baş tutub.

Onlayn qaydada keçirilən iclasda UNEC və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri, xaricdə təhsil alan gənc tədqiqatçılar və xarici tələbələr iştirak ediblər.

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov çıxış edərək, konfransın tarixi və konfransla bağlı görülən işlər barədə məlumat verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxış edərək, beynəlxalq elmi konfransın Azərbaycan və Gəncə təhsilinə böyük tövhələr verəcəyinə inandığını bildirib.

İclasda çıxış edən Gəncənin millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, bu tipli konfransların ölkəmizdə universitet - sənaye əməkdaşlığının inkişafına böyük tövhələr verdiyini, bu mövzuda UNEC tərəfindən atılan addımların yüksək qiymətləndirildiyini bildiriblər. Qeyd olunub ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən beynəlxalq konfrans Gəncənin dünyada  tanıdılması baxımından mühim rol oynayacaqdır.

Daha sonra konfransın yeni dizayn olunmuş, müasir və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış yeni vebsaytı iclas iştirakçılarına təqdim olunub. İclas iştirakçılarına saytla bağlı yeniliklər, konfransın təbliğat və təşviqatı istiqamətində görülən işlər, məruzələrin göndərilməsi və dəyərləndirilməsi prosesləri ilə bağlı geniş məlumat verilib. Təşkilat komitəsi üzvlərinin təklif və qeydləri dinlənildikdən sonra məruzələrinin qəbulunun başlandığı qeyd olunaraq, konfransın işinə start verilib.

Qeyd edək ki, artıq üçüncüsü təşkil olunan “İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”nı Azərbaycanda beynəlxalq konfrans standartlarına cavab verən və müasir təcrübəyə əsaslanaraq təşkil olunan yeganə davamlı konfransdır. Geridə qalan iki konfransda ümumilikdə dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın magistr, doktorant və gənc tədqiqatçı məruzələrini təqdim edib.

“III İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” çərçivəsində Nizami Gəncəvi və onun iqtisadi fikirləri, Qarabağın iqtisadiyyatı, KOB - ların inkişafı, IV Sənaye inqilabı, COVID-19 pandemiyasının iqtisadi təsirləri, sosial sahibkarlıq və sosial biznes kimi müasir və s. mövzuları ilə bağlı məruzələr qəbul olunacaq.

Konfransla bağlı daha ətraflı məlumatı www.conferences.az saytına daxil olaraq almaq mümkündür.

Keçidlər