Gəncə şəhəri ilə Çin Xalq Respublikasının Çindao şəhəri arasında dostluq və əməkdaşlıq
Аzərbaycan Respublikasının
Çin Xalq Respublikasındakı Səfirliyi
Press-Reliz
“Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Çin Xalq Respublikasının Çindao şəhəri arasında dostluq və əməkdaşlıq münasibətləri qurmaq barədə Niyyət Protokolu”nun imzalanması mərasimi keçirilib. “2021 Şanxay Əməkdəşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi”nin açılışı çərçivəsində keçirilmiş imzalanma mərasimində sözügedən “Niyyət Protokolu”nu Gəncə Şəhər İcra Hakimiyyətinin adından Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Çindao şəhər Hakimiyyəti adından isə xarici əlaqələr üzrə mer müavini Süe Çinquo imzalayıblar.
“Gəncə şəhəri ilə Çindao şəhəri arasında dostluq və əməkdaşlıq münasibətləri qurmaq barədə Niyyət Protokolu” Gəncə şəhəri ilə Çindao şəhəri arasında ticarət-iqtisadi, mədəniyyət, təhsil, elm və texnika, səhiyyə, idman, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın fəal inkişaf etdirilməsini və genişləndirilməsini nəzərdə tutur. Çindao təqribən 10 milyona yaxın əhalisi və 191 milyard ABŞ dolları həcmində ÜDM-si ilə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində yük daşımalar baxımından Çinin 5 ən önəmli dəniz limanından birinin, eləcə də “Haier” və “Hisense” kimi nəhəng Çin şirkətlərinin yerləşdiyi şəhərdir.
Azərbaycanın da dialoq üzrə tərəfdaş statusuna malik olduğu ŞƏT-lə Çin arasında ticarət-iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyən və Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə yaradılmış “Çin-ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Nümayiş Zonası”nın Çindao şəhərində yerləşməsi, bu Zonanın ərazisində “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərməsi, habelə Zonadan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa yük daşımalarının həyata keçirilməsi yaxın gələcəkdə Gəncə şəhərində istehsal olunan məhsulların Çindaoya və onun vasitəsilə Çin bazarına daxil olmasına geniş imkanlar yaradacaqdır.
“2021 Şanxay Əməkdəşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi”nin açılış mərasimi çərçivəsində Çindao şəhəri ilə Pakistanın Faysalabad şəhəri arasında da əməkdaşlıq əlaqələrinin qurulmasına dair sənəd imzalanmışdır. Çindao şəhəri bu günədək Sankt-Peterburq (Rusiya), Bilbao (İspaniya), Mayami (ABŞ), Montevideo (Uruqvay), Nant (Fransa), Odessa (Ukrayna), Klaypeda (Litva) və Manhaym da (Almaniya) daxil olmaqla 25 şəhərlə qardaşlaşma haqqında sənədlər imzalamışdır.
Qeyd edək ki, cari ilin 26-28 aprel tarixlərində keçirilən “2021 ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi”ndə “ŞƏT ailəsinə” daxil olan ölkələr, o cümlədən Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur. Vahid ölkə stendində Azərbaycanda istehsal olunan müxtəlif növ qida və içki məhsullarının nümayişi və satışı həyata keçirilir.
Pekin şəhəri, 26 aprel 2021-ci il