Təhsil aldığı məktəbdə şəhid Hüseyn Quliyevin xatirə güşəsi yaradılıb
Gəncə şəhər M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbdə şəhid Quliyev Hüseyn Həsən oğlunun xatirəsinə həsr olunan güşəsi yaradılb. Xatirə güşəsi şəhidin ailə üzvlərinin təşəbbüsü ilə quraşdırılıb. Güşənin təqdimatında şəhid ailəsinin dəvəti ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, şəhər rəsmiləri, orta məktəbin kolektivi və şəhidin ailə üzvləri iştirak ediblər.
Niyazi Bayramov və şəhidin atası Həsən Quliyev Hüseyn Quliyevin xatirəsinə hörmət əlaməti olaraq, güşənin önünə tər çiçəklər düzüblər. 4 nömrəli tam orta məktəbin dəhlizində yaradılan xatirə güşəsində şəhid Hüseyn Quliyevlə bağlı məlumatlar qeyd olunub. Burada onun təltif və medalları, kitab və digər şəxsi əşyaları yerləşdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin ailəsinə başsağlığı verərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsinin daim əziz tutulduğunu bildirib, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından söz açıb. İcra başçısı qeyd edib ki, Azərbaycanın igid öğullarının şücaəti ilə tarixi ədalət bərpa olundu, işğalçılıq tarixinə son qoyuldu və ərazi bütövlüyümüz təmin edildi.
Şəhidin ailə üzvləri, müəllim və sinif yoldaşları Hüseyn Quliyevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Quliyev Hüseyn Həsən oğlu 4 mart 1999-cu ildə Gəncə şəhərində doğulub. 2016-cı ildə Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olub. 2020-ci ildə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb. O, xidmət etdiyi hərbi hissənin tərkibində Vətən müharibəsinə qatılaraq Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 28 sentyabr 2020-ci ildə şəhid olan Hüseyn Quliyev 3 oktyabr 2020-ci il tarixində Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Quliyev Hüseyn Həsən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Şəhidin atası Həsən Quliyev şəhid ailələrinə göstərilən diqqətə görə ölkə başçısı, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Xatirə güşəsinin təqdimatından sonra şəhidin təhsil aldığı sinif otağı da ziyarət olunub.
Şəhər rəhbərliyi M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbdə "Nizami Gəncəvi İli" çərçivəsində yaradılan "Nizami Gəncəvi" güşəsi ilə də tanış olub.