MÜSİAD-nin üzvləri Gəncəyə səfər ediblər
Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri Gəncəyə səfər edib. Qonaqlar əvvəlcə şəhərin Baş meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüş əsnasında qonaqlara şəhərin potensial imkanları və sosial-iqtisadi sahədə əldə olunan uğurlar barədə ətraflı məlumat verilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mədəniyyət, elm mərkəzi olmaqla yanaşı, həmçinin sənaye şəhəridir. Burada Beynəlxalq Hava Limanı, Gəncə Avtomobil Zavodu, AzərAlüminium MMC, "Süni Mərmər və Qranit İstehsalı" , "Gəncə Şərab - 2" kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Şəhər rəhbəri gələcəkdə işbirliyi üçün geniş imkanların yaranacağını qeyd edib.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyətinin üzvləri Gəncə ilə tanışlıqda maraqlı olduqlarını və yerli iş adamları ilə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Gələcəkdə Türkiyənin Kocaeli şəhəri ilə Gəncə arasında qardaşlıq əlaqələrinin qurulmasının da əhəmiyyətindən bəhs olunub. Görüşdə mümkün tərəfdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdən sonra MÜSİAD-nin üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkiblər. Ermənilərin törətdiyi terror aktının nəticələri ilə yerində tanış olublar. Daha sonra Gəncədə çalışan türkiyəli işadamları ilə görüşüblər.
Qeyd edək ki, qonaqlar gün ərzində sənaye və mədəniyyət müəssisələrinə baş çəkəcəklər.