İlham Əliyev Gəncədə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak etmişdir
Dövlət başçısına respublika əhəmiyyətli, o cümlədən Gəncə bölgəsi üzrə idman yarışlarının keçirilməsi məqsədilə müasir tələblərə uyğun tikiləcək Olimpiya Parkının eskiz layihəsi haqqında geniş məlumat verildi. Qeyd olundu ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcəkdir. Nəhəng idman qurğusunun layihələndirmə işləri qısa müddətdə başa çatdırılmışdır.
Azərbaycan Prezidentinə məlumat verildi ki, əsas korpus çevrə və onun ətrafında yığılmış qövs, həmçinin digər əyri xətlərdən quraşdırılmış konfiqurasiyadan ibarətdir. Olimpiya Parkında atıcılıq tiri və stolüstü oyun zalı fəaliyyət göstərəcəkdir. Burada idmanın boks, ağırlıqqaldırma və aerobika növləri üzrə məşqlər və yarışlar üçün hərtərəfli şərait yaradılacaqdır. İdmançı və mütəxəssislərin səmərəli fəaliyyəti və istirahəti də layihədə maksimum nəzərə alınmışdır. Universal salonda yarışların gedişini 1500 tamaşaçı izləyə biləcəkdir.
Respublikamızda, o cümlədən Gəncədə idmanın üzgüçülük növünə maraq ilbəil artır. Olimpiya Parkında da ən yüksək səviyyəli üzgüçülük yarışlarının keçirilməsi və idmanın bu növü ilə məşğul olmaq üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Güləş və gimnastika zalları da müasirliyi ilə seçiləcəkdir. Ümumilikdə, gələcəkdə bu kompleksdə keçiriləcək müxtəlif idman yarışları zamanı tamaşaçılar üçün ən müasir standartlara cavab verən şərait yaradılacaqdır.
İdman yarışlarının informasiya təminatı üçün bütün lazımi tədbirlər görüləcək və bu məqsədlə müasir infrastruktur formalaşdırılacaqdır. Bütün otaqlar təyinatından asılı olaraq, yüksək keyfiyyətli inventar və avadanlıqla təchiz olunacaqdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, Olimpiya parkında beynəlxalq standartlara uyğun futbol stadionu inşa ediləcəkdir.
Basketbol, voleybol və tennis meydançaları da ən son elmi-texniki yeniliklərə əsaslanacaqdır. Olimpiya Parkında mehmanxana tikintisi də nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevə inşaat işləri zamanı istifadə olunacaq tikinti materialları haqqında da məlumat verildi. Qeyd olundu ki, tikinti işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
Dövlət başçısına məlumat verildi ki, Gəncə Olimpiya Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaqdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaqdır. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcəkdir.
Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoydu.
Dövlətimizin başçısı Olimpiya Parkının inşasının yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.