Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak etmişdir

22 yanvar 2014 | 16:00

Qədim İpək Yolunun əsas mərkəzlərindən sayılan Gəncənin abadlaşdırılması istiqamətində son illərdə həyata keçirilən tədbirlər bu tarixi şəhərin simasına maraqlı elementlərin əlavə olunması ilə yadda qalır. Bu gün Gəncə həm də öz tarixini yaşadır, yetişdirdiyi şəxsiyyətləri təbliğ edir, onların xatirəsini əbədiləşdirir. Prezident İlham Əliyev 2013-cü il yanvarın 16-da Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncam çərçivəsində çoxsaylı tədbirlər, sərgilər, konsertlər təşkil edilmişdir. Sənədə əsasən Gəncədə Məhsəti Gəncəvi Mərkəzi inşa olunmuşdur. Məhsəti Gəncəvinin zəngin irsinin sərgiləndiyi Mərkəzin qarşısında şairənin möhtəşəm heykəli qoyulmuş, Məhsəti bağı salınmışdır.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanılmışdır. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və yardımçı otaqlar yerləşir. Oxu zalında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və mədəniyyətimizin hamisi olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyətini işıqlandıran kitablar yer almışdır. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Məhsəti və Nizaminin ədəbi irsini, Azərbaycan xalçaçılığının zənginliyini işıqlandıran kitablar da burada sərgilənir. Azərbaycanın zəngin mədəniyyətini Fransada yaxından tanıtmaq məqsədi ilə müxtəlif tədbirlər hazırlayıb həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən ilin noyabr və dekabr aylarında bu ölkənin qədim Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi və konsertlər təşkil edilmişdir. Həmin tədbirləri əks etdirən fotolar da Mərkəzdə nümayiş olunur.
Mərkəzdə milli musiqi alətləri sərgisi yaradılmışdır. Burada Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycanın görkəmli şair və mütəfəkkirləri və musiqisi haqqında geniş elmi məlumatlar əldə etmək mümkündür.

Mərkəzin milli geyimlər sərgisində əsas diqqət Məhsəti dövrü, xüsusilə də İntibah dönəmində xanımlara xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairənin heykəli ucaldılmışdır. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir. Mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı vardır.

Prezident İlham Əliyev Mərkəzin ətrafını və Məhsəti parkını gəzdi.

Dövlət başçısı görülən işlərdən razılığını bildirdi və müvafiq tapşırıqlarını verdi.

Keçidlər