İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olmuşdur
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilən yeni çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şərait də təsdiqləyir.
Ümumilikdə 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir. Son 10 ildə isə 77 qəsəbə və ya məhəllə, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Bu illər ərzində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 4,6 dəfə artmışdır. Ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təqribən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Son on ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalmışdır.
Məhəlləyə gələn dövlətimizin başçısı əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, lazımi avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınmışdır.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır.
Dövlətimizin başçısı iş otaqlarında və akt zalında yaradılan şəraitlə maraqlandı.
Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayında oldu.
Qeyd edildi ki, Mədəniyyət Sarayı bu günədək istifadəyə verilən məhəllələrdə inşa olunan sarayların arasında ən böyüyüdür. Saraydakı 500 yerlik zalda ən müasir texnologiya əsasında işıqlandırma və səs sistemləri quraşdırılmışdır. Mədəniyyət Sarayında həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən musiqi məktəbində yüksək şərait yaradılmışdır.
Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbində də oldu.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin iştirak etdiyi beynəlxalq tədbirləri, Ümummilli Liderin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər quraşdırılmışdır.
Dövlətimizin başçısı məhəllənin baş planına baxdı.
Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 məcburi köçkün köçürüləcəkdir. Burada klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Gəncə şəhərinin kommunikasiya xətlərinə qoşulmuşdur. Ümumiyyətlə, son beş ildə bütün sosial-texniki infrastruktura malik 23 müasir qəsəbə salınmış, 16 min ailə və ya 76 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti ilə seçilən, müasir avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə təşkilinə də xidmət göstərir. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondunun verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.
Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu.
Diqqətə çatdırıldı ki, məhəllədə tikilən bağçada da yüksək şərait yaradılmışdır.
Daha sonra dövlətimizin başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olan Ofeliya Məmmədovanın dördotaqlı mənzilində hər cür şərait yaradılmışdır.
Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham ƏLİYEV dedi:
- Gəncədə çox gözəl şəhərcik tikilibdir. Son illər ərzində tikilən ən böyük köçkün şəhərciyidir. Burada bütün işlər yüksək səviyyədə görülübdür. Böyük ərazidir, 25 bina tikilib və burada 7 min köçkün yaşayacaqdır. Son illər ərzində tikilən ən böyük layihədir. Əslində şəhər içində bir şəhərdir. Mən görürəm ki, çox gözəl işlər görülübdür. Böyük məktəb, uşaq bağçası, tibb məntəqəsi, 500 nəfərlik mədəniyyət sarayı tikilibdir. Yəni, bütün şərait - idman meydançaları, açıq, qapalı stadion vardır. Burada rahat yaşamaq üçün bütün imkanlar vardır. Siz buna layiqsiniz. Uzun illər ağır şəraitdə yaşamısınız. Bundan sonra rahat yaşayacaqsınız. Sizi təbrik edirəm.