12 Avqust - Beynəlxalq Gənclər Günü
Hər il avqustun 12-də Beynəlxalq Gənclər Günü qeyd edilir. Bu günün təsis olunması barədə qərar 1998-ci ildə Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya konfransında qəbul edilib və BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə rəsmiləşdirilib. Bu günün əsas məqsədi gənclərin ictimai həyatın müxtəlif sahələrində fəal iştirakına təkan vermək, onların nailiyyətlərini tanıtmaq və qarşılaşdıqları problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Qeyd edək ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu addım MDB məkanında və Şərqi Avropa ölkələri arasında analoqu olmayan bir təşəbbüs olub.
Azərbaycanda dövlət gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş qanunlar, fərmanlar, dövlət proqramları gənclərin sosial, iqtisadi, mədəni və mənəvi inkişafına güclü təkan verib. 1997-ci ildə təsis olunan Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətin mühüm təbəqəsi kimi formalaşmasına və onların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə töhfə verib.
Ulu Öndərin siyasətində gənclərin təhsilinə, peşə hazırlığına, sağlam həyat tərzinin təşviqinə xüsusi önəm verilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində gənclər yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da uğurlar qazanıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” kimi mühüm layihələr reallaşdırılıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edib.
İdmanın inkişafına yönəlik dövlət siyasəti də gənclərin potensialının reallaşdırılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edilib, Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrilib. Qazanılan beynəlxalq uğurlar gənclərin motivasiyasını artırıb, onların milli qürur hissini gücləndirib.
Bu gün Azərbaycan gəncliyi dövlətin əsas strateji resurslarından biri kimi qəbul olunur. Onların milli dəyərlərə sadiqliyi, modern düşüncəsi və inkişafyönümlü fəaliyyəti ölkənin sabit və dinamik inkişafına töhfə verir. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikri dövlətin gənclərə inamının və etimadının rəmzi kimi tarixə düşüb.






