Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

20 sentyabr 2021 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Adil Tağıyev, Kamran Məhərrəmov,  Millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov iştirak ediblər. 
Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev tələbələri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından təbrik edib.  "Bildiyiniz kimi, ötən il ölkəmiz çox önəmli tarixi hadisə yaşadı. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Artıq siz bütöv və qalib Azərbaycanın ilk tələbələrisiniz. Bununla hamımız fəxr edirik. Hər kəsə məlumdur ki, ölkə rəhbərliyi təhsil sahəsini daim diqqətdə saxlayır və bu da təsadüfi deyil. Çünki, ölkənin tərəqqisi və inkişafı üçün sağlam, bilikli, savadlı, o cümlədən vətənpərvər gənclərə hər zaman ehtiyac vardır. Bu sahədə də təhsil işçilərinin üzərinə böyük iş düşür."-deyə Səməd Tomuyev əlavə edib və  yüksək nəticə göstərərək tələbə adını qazanan yeniyetmələri təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyət arzulayıb.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tələbələrin adından şəhər rəhbərliyinə öz dərin təşəkkürünü bildirib. O qeyd edib ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020/2021-ci tədris ilində Gəncə şəhərinin tam orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş  məzunların arasında 17 nəfər gənc 600-dən yuxarı bal toplayıb. Gəncə üzrə ən yüksək nəticəni isə 690  balla  14 nömrəli tam orta məktəbin məzunu Billurə Qəbədova göstərib. 
Tədbirdə iştirak edən rəsmilər  bütün tələbə adını qazanan məzunları təbrik ediblər. Onlara Vətənə, cəmiyyətə layiqli övlad olmaqlarını diləyiblər. 
Tələbələr isə öz növbələrində onlara göstərilən diqqətə və təbriklərə görə öz təşəkkürlərini bildirib, seçdikləri sahələr üzrə savadlı və ixtisaslı mütəxəssis olmaq üçün var gücləri ilə çalışacaqlarına söz veriblər.
Əlavə olaraq görüş zamanı məzunların müraciətləri və onları narahat edən məsələlər də dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. 
Sonda tələbə adı qazanan gənclərə hədiyyələr təqdim olunub. 
 

Keçidlər